Hücum çağırışları fonunda DANIŞIQLAR – Qəzzaya sülhün gəlişi yenə TƏXİRƏ DÜŞDÜ...

Hazırda oxunan: Hücum çağırışları fonunda DANIŞIQLAR – Qəzzaya sülhün gəlişi yenə TƏXİRƏ DÜŞDÜ...

206801

Mümkün atəşkəs razılaşmasının şərtlərinə görə İsrailin qoşunları bu zonadan ayrılsa da, ölkənin ordusu Misir sərhədi yaxınlığındakı Qəzza zolağında HƏMAS hərəkatına hücuma davam edə bilər.

"The Times of Israel"in məlumatına görə, bunu İsrail Ordusunun Baş Qərargah rəisi Hersi Halevi əraziyə səfəri zamanı bildirib.

"Filadelfiya dəhlizində qalmağımıza qərar versələr, mövqeyimizi necə möhkəm tutacağımızı bilirik. Əgər onlar qərara gəlsələr ki, lazım olsa biz yalnız zonanı izləməli, reydlər keçirməliyik, bunu necə edəcəyimizi bilirik", - o deyib.

Halevi, İsrailin HƏMAS-ın Qəzzaya silah qaçaqmalçılığı üçün istifadə etdiyini söylədiyi “Filadelfiya dəhlizi”nə nəzarətin vacibliyini qeyd edib: "HƏMAS-ın potensialının gücləndirilməsi bu zonanın istifadəsindən asılıdır".

Qeyd edək ki, bu açıqlamanın verildiyi bir məqamda, avqustun 15-də Qətərdə Qəzza ilə bağlı danışıqları baş tutub. Danışıqlar ərəfəsində yaranmış vəziyyət, hər iki tərəfdən səslənən fikirlər onu göstərir ki, nə qədər çalışsalar da, Qəzzada sülh mümkün deyil. 

Qəzzada sülhün təmin olunması niyə mümkün olmur?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Tural İsmayılovun fikrincə, Qəzzada sülhün əldə edilməsinin mümkün olmamasının ən böyük səbəblərindən biri Fələstinin idarə edilməsində ikitirəliyin mövcud olması ilə bağlıdır:

“Fələstin Azadlıq Təşkilatı ilə HƏMAS arasında birlik yoxdur. Ona görə faktiki olaraq İsrail Fələstinlə danışıqlar aparmaq qərarı versə də belə, fələstinli qruplar arasında birlik olmadığından bu danışıqlar qruplardan hər hansı biri tərəfindən sabotaj edilə bilər. İsrail sabah Ramallahdakı Fələstin Azadlıq Təşkilatı ilə müzakirələr aparsa da, Qəzza zolağındakı HƏMAS-ın yeni təxribatlar törətməyəcəyinə zəmanət yoxdur. Habelə, Təl-Əviv HƏMAS-la hər hansı bir danışıqlar aparsa da, Fələstin hökumətinin onun nəticələrini nə qədər qəbul edəcəyinin özü də sual altındadır. 

Bu səbəbdən danışıqlarda hər hansı bir pozitiv meyarlara nail olmaq üçün ilk növbədə Fələstindəki ikitirəliliyə son qoyulmalıdır. Bu fonda Qəzzanın idarəedilməsi də FƏT tərəfindən həyata keçirilməlidir. Yalnız bundan sonra İsraillə Fələstin arasında hansısa uğurlu danışıqlardan bəhs edə bilərik”. 

Ekspert qeyd edir ki, indiki məqamda hansısa danışıqlar, prosesi irəli aparacaq məqamlar görünmür: 

“Bölgədə dərin ideoloji nifrət hökm sürür. Bu coğrafiyada xalqların uzun müddət sülh şəraitində yanaşı yaşamaq prinsiplərini həyata keçirmək olduqca çətin görünür. Ona görə də yaxın zamanlarda bu istiqamətdə hansısa pozitiv sülh irəliləyişlərini müşahidə edə bilməyəcəyik”. 

Rüfət Sultan, Bizim.Media 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin