Ukrayna ordusunun avqustun 6-dan başlayaraq Rusiyanın Kursk vilayətinə hücumu davam edir. Kursk vilayətinin min kvadrat kilometrə yaxın ərazisi və 28 yaşayış məntəqəsi artıq Kiyevin nəzarəti altındadır.
Yaranmış vəziyyətdə aydın məsələdir ki, Rusiya həmin ərazisinin geri qaytarılmasına çalışacaq. Bunu etməyə onun imkanları da kifayət qədərdir. Hətta Kursk vilayətində itirdiyi əraziləri geri qaytardıqdan sonra Moskvanın Ukraynaya daha böyük miqyasda hücum edəcəyi də istisna deyil.
Rusiyanın cavab həmləsi ilə bağlı ekspertlər tərəfindən iki əsas ehtimal irəli sürülür. İlkin varianta görə, Rusiya Ordusunun Xarkov istiqamətində hücum əməliyyatına başlayacağı bildirilir. Bundan əlavə, Moskvanın müharibənin ilk günlərində olduğu kimi Belarus ərazisindən Kiyevə doğru hücuma keçməsi ehtimalı da müzakirə olunur.
Kursk əməliyyatı nə ilə yekunlaşacaq?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Abutalıb Səmədov bildirir ki, Ukraynanın Kurska hücumu və xeyli ərazini nəzarətə götürməsi hələlik ciddi nəticə sayıla bilməz:
“Çünki Rusiyanın Donetsk istiqamətində hücumu davam edir və onlar ağır-ağır olsa da irəliləyirlər. Ukrayna hücumu bir qədər də genişləndirib, indi tutduğu ərazinin azı 2-3 qatı qədər daha yeni əraziləri nəzarəti altına ala bilsə, bu Moskvanı müəyyən addımlar atmaq məcburiyyətində qoya bilər. Belə olarsa, Rusiya Donetsk istiqamətindəki qüvvələrinin bir hissəsini Kursk istiqamətinə yönəltməyə məcbur olacaq”.
“Rusiya bu istiqamətdə hücuma keçəcək”
Ekspert deyir ki, Ukraynanın daha da irəliləmək üçün böyük insan resurslarına və daha ciddi silah yardımlarına ehtiyacı var:
“Ukraynada 10-dan artıq briqada formalaşıb, ancaq onların silahları yoxdur. Bu şəraitdə Kiyevin Kursk istiqamətində daha ciddi uğurlar qazanması çətin məsələdir”.
Həmsöhbətimiz qeyd edir ki, Rusiya Kursk istiqamətində Kiyevi geri otuzdura bilsə, yaranmış vəziyyət Ukrayna ordusunda ümidsizlik yaradacaq:
“Rusiya bu baxımdan Ukraynaya nisbətən daha realist mövqedədir. İşğal etdikləri ərazilərdə dərhal müdafiə istehkamları yaradır, sahələri minalayır. Vəziyyəti düzəltmək üçün Rusiyanın Xarkov istiqamətində hücuma keçəcəyini gözləmək olar. Amma onun Belarus istiqamətindən Kiyevə hücumu inandırıcı deyil. Digər tərəfdən, ABŞ bu il üçün Ukraynaya 61 milyard dollar ayırıb. Ancaq indiyə qədər bunun yalnız 1 miyarddan bir qədər artığını verib”.
Xatırladaq ki, II Dünya Müharibəsində baş vermiş Kursk döyüşü savaşın dönüş nöqtəsi hesab olunurdu. Belə ki, 1943-cü ilin avqustunda Qızıl Ordu Hitler Almaniyasının qüvvələrini Kurskda məğlub etdikdən sonra, Berlinə qədər sürətlə irəliləməyi bacarmışdı. 80 il sonra yenə də avqust ayında Kurskda döyüşlər gedir. Budəfəki Kursk döyüşlərinin müharibədə dönüş nöqtəsi olub-olmayacağını isə zaman göstərəcək.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Dünya
09:20 / 14.08.2024
90 il sonra təkrarlanan TARİX – Kursk döyüşləri bu müharibənin də SEYRİNİ DƏYİŞƏCƏK?
Hazırda oxunan: 90 il sonra təkrarlanan TARİX – Kursk döyüşləri bu müharibənin də SEYRİNİ DƏYİŞƏCƏK?
Hazırda oxunan: 90 il sonra təkrarlanan TARİX – Kursk döyüşləri bu müharibənin də SEYRİNİ DƏYİŞƏCƏK?
90 il sonra yenidən yaşanan Kursk döyüşlərinin seyri barədə məlumat. Ukrayna-Rusiya müharibəsində Ukrayna ordusunun Kursk vilayətindəki hücumu, Rusiyanın cavabı və uğurlarının müzakirə edilməsi.
206476
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.