Çin Milli Dəniz Neft Korporasiyası (CNOOC) Cənubi Çin dənizində ehtiyatları 100 milyard kubmetrdən çox olan təbii qaz yatağı aşkar edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “South China Morning Post” nəşri yayıb.
Mənbə qeyd edir ki, kəşf 2024-cü ilin iyununda edilib və bu həftə yerli hakimiyyət orqanları şirkətin müraciətinə baxaraq hadisəni qeydə alıblar. Hainan adasının cənub-şərqində yerləşən yataq “Linqşui 36-1” adlandırılıb. Bu ərazidə dənizin orta dərinliyi 1,5 min metrə çatır, qazlı hövzə isə dəniz dibinin 210 metr dərinliyində yerləşir.
Qeyd edək ki, qaz hasilatını ildən-ilə artırsa da, Çin dünyanın ən böyük təbii qaz idxalçısı olaraq qalır.
2023-cü ildə ölkə 120 milyon ton ekvivalentində boru və maye qaz (LNG) alaraq buna 64,3 milyard ABŞ dolları sərf edib. Çin ən çox LNG-ni Avstraliya, Qətər və Rusiya Federasiyasından idxal edib.
Bizim.Media