İtaliya, Fransa, Almaniya, Niderland, Polşa, Portuqaliya və İspaniyanın dövlət və hökumət başçıları Venesueladakı vəziyyətlə bağlı bəyanat yayıblar.
Bizim.Media xəbər verir ki, bu barədə İtaliya Nazirlər Şurasının məlumatında deyilir.
Bəyanatda ötən bazar günü keçirilən prezident seçkilərindən sonra Venesuelada yaranmış vəziyyətdən ciddi narahatlıq ifadə olunub.
Seçki prosesinin tam şəffaflığını və bütövlüyünü təmin etmək üçün bütün səsvermə qeydlərinin dərc olunmasının vacibliyi vurğulanıb. Bildirilib ki, yenidən yoxlamaların aparılması Venesuela xalqının iradəsini tanımaq üçün vacibdir.
“Bu proses zamanı bütün venesuelalıların, xüsusən də siyasi liderlərin hüquqlarına hörmət edilməlidir. Biz onlara qarşı hər hansı həbsi və ya təhdidləri qətiyyətlə pisləyirik. Venesuela xalqının iradəsinə, eləcə də dinc şəkildə etiraz və toplaşmaq hüququna hörmət olunmalıdır. Biz tərəfdaşlarımızla birgə vəziyyəti yaxından izləməyə, Venesuela xalqının demokratiya və sülh çağırışını dəstəkləməyə davam edəcəyik”, - deyə bəyanatda qeyd olunur.
Bizim.Media