Ermənistan Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasətini davam etdirir - Kolumbiya mətbuatı yazır

Hazırda oxunan: Ermənistan Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasətini davam etdirir - Kolumbiya mətbuatı yazır

20362

Kolumbiyanın nüfuzlu rəqəmsal KİV-lərindən olan “Las2Orillas” qəzetində tanınmış jurnalist Roberto Trobaxonun müəllifi olduğu, azad olunmuş ərazilərimizdə Ermənistan tərəfindən aparılmış kütləvi minalama və Azərbaycanın həyata keçirdiyi minatəmizləmə işləri barədə “Piyada əleyhinə minalar və törətdiyi faciələr haqda” sərlövhəli yazı dərc olunub.

Bizim.Media xəbər verir ki, yazıda Kolumbiya və Azərbaycanın üzləşdiyi, ərazilərinin kütləvi minalanması problemləri arasında paralellər gətirilir.

Bu xüsusda Kolumbiyada gerilla dəstələri və paramilitantlar tərəfindən ölkə üzrə geniş ərazilərdə hüquq-mühafizə orqanlarına qarşı kütləvi minalama aparılmış olmasının 3 milyona yaxın əhalinin məcburi qaydada yaşadıqları rayonları tərk etməli olduğu, Azərbaycan ərazisində də Ermənistan tərəfindən 30 ilə yaxın davam etmiş işğal müddətində çoxlu sayda mina basdırılmasının 1 milyona yaxın azərbaycanlı məcburi köçkünün öz torpaqlarına qayıtmasına ciddi maneə törətdiyi bildirilir.

Bununla yanaşı, Kolumbiyada sözügedən qeyri-qanuni qruplaşmaların minaların yerləşmə xəritəsini hökumətə təqdim etməkdən boyun qaçırdığı kimi, Ermənistan rəhbərliyinin də Azərbaycan ərazisində kütləvi şəkildə minaladığı sahələrin xəritəsini verməkdən imtina etdiyi və qeyd olunan məqamların həm Kolumbiya, həm də Azərbaycanda günahsız mülkü insanlar arasında çoxsaylı tələfata səbəb olduğu məlumat verilir.

Ermənistan tərəfinin bu davranışının Azərbaycan xalqına qarşı uzun müddətdir yürütdüyü etnik təmizləmə siyasətinin davamı olduğu, regionda yaşayış infrastrukturunun bərpasını və məcburi köçkünlərin qayıdışını ləngitdiyi söylənilir və beynəlxalq ictimaiyyətin minaların yerləşmə xəritəsini təqdim etməsi üçün Ermənistana təzyiq etməli olduğu bildirilir.

Sonda Azərbaycan hökumətinin mövcud maneələrə baxmayaraq, sarsılmaz iradə nümayiş etdirdiyi, soydaşlarının mümkün qədər qısa vaxtda öz evlərinə qayıtmaları üçün ərazilərin minalardan təmizlənməsi istiqamətində müasir texnologiyalardan istifadə etməklə nəzərə çarpacaq irəliləyişlər əldə etdiyi və bölgədə yaşayış infrastrukturunun bərpası üzrə geniş miqyaslı layihələr həyata keçirməkdə olduğu, habelə Azərbaycanın minatəmizləmə işlərinə pilotsuz uçuş aparatları cəlb etməsi təcrübəsindən Kolumbiyanın da yararlana biləcəyi qeyd edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin