Ermənistanın “konyak” diplomatiyası Kanadalı deputatların başını dumanlandırıb
Dünən qondarma Dağlıq Qarabağ Respublikasının insan hüquqları müdafiəçisi və ombudsmanı olan Artak Beqleryan İslandiya millət vəkili Birgir Torarinsson və Kanada İnsan Hüquqları Təşkilatı “One Free World”-un rəhbəri Majid el Şafi ilə görüşüb.
Görüşdə Ermənistan millət vəkili Narek Mkrtçyan da iştirak edib. Eyni zamanda nümayəndələr 2 noyabr tarixində Qondarma rejimin Xarici İşlər Naziri Masis Mayılyanla da görüşüblər.
Müzakirə olunan əsas məsələ Qarabağda davam edən hərbi əməliyyatlar və qondarma rejimin qorunması üçün ciddi beynəlxalq tanınmaya ehtiyacın olması olub.
“Ancaq bu yolla insanların hüquqlarına və üzləşdiyi problemlərə diqqət çəkmək mümkündür” deyə Mayılyan qeyd edib.
Görüşün digər önəmli məqamı isə “One Free World İnternational” təşkilatının qurucusu və rəhbəri Majid el-Şafidir. Adıçəkilən şəxs uzun müddətdir ki, Ermənistanla yaxın əlaqələrə malikdir və Dağlıq Qarabağdakı separatçılara ciddi dəstək verməsi ilə tanınır.
Ermənistanın qoruyucu mələyi
Əslən misirli olan Majid el Şafi müsəlman kimi doğulsa da, daha sonradan xristianlığı qəbul edib. Bir müddət sonra Misiri tərk edən Şafi 2002-ci ildə Kanadaya köçüb və 2006-cı ildə Kanada vətəndaşlığı alıb.
Hazırda Qərbdə nüfuzlu “One Free World İnternational” insan hüquqları təşkilatının qurucusu və rəhbəridir. 2012-ci ildə Kraliça II Yelizavetanın yübiley medalı ilə təltif olunub.
Majid el Şafi 2014-ci ilin avqustunda bir qrup kanadalı deputatın (Brad Butt, Russ Hiebert ve Leon Benoit) Ermənistana səfərini təşkil etməklə gündəmə gəlib.
Daha sonra isə 2015-ci ilin oktyabrında Majid el Şafinin adı qondarma erməni soyqırımının 100 illiyi münasibətilə Kanadada xalqa açıq tədbirin təşkilatçısı kimi çəkilirdi.
Şafi, 2017-ci ilin 29 oktyabrında Ermənistan Xarici İşlər Naziri Edvard Nalbandyanla Aprel döyüşləri zamanı guya Dağlıq Qarabağda yaşanan insan haqları pozuntularını müzakirə də edib.
Majid el Şafinin uğur hekayəsinin və erməni təəssübkeşliyinin arxasında yatan səbəblər isə olduqca müəmmalıdır. İnsan haqlarını müdafiə edən birinin Dağlıq Qarabağdakı problemləri qabartması, lakin azərbaycanlıların pozulan hüquqlarını işıqlandırmaması bizə əsas verir ki, bu humanitar addımların arxasındakı sirr pərdəsini yaxşıca araşdıraq.
Humanist addımların arxasındakı erməni izi
Majid El Şafi 2017-ci ilin 2 sentyabrında 4 gün müddətinə Kanadalı mühafizəkar deputatlar Toni Klement və Reycl Harderini Dağlıq Qarabağa dəvət edir və onların işitrakı ilə Xankəndində jurnalistlərlə birfinq keçirir.
Səfərin təşkilatçısı qismində isə Kanada Erməni Milli Komitəsinin icraçı direktoru Sevag Belianın adı çəkilir.
Eyni zamanda Kanada Erməni Milli Komitəsinin rəhbəri Shahen Mirakyazn da görüş zamanı Majid El Şafi və onun qurucusu olduğu “One Free World İnternational” təşkilatı ilə yaxın əməkdaşlığının olduğunu qeyd edib.
Majid El Şafi vaxtaşırı olaraq Kanada parlamentinin üzvlərini Dağlıq Qarabağa dəvət olunması işini təşkil edir.
Xarici parlamentarilər arasında xüsusilə Kanada Milli Erməni Komitəsi ilə yaxın əlaqələrə malik Kanada Mühafizəkar partiyasının üzvləri üstünlük təşkil edir. Komitənin fəaliyyəti nəticəsində 2018-ci ildə partiyanın sədri Endryu Şerer də Azərbaycan əleyhinə və Dağlıq Qarabağı dəstəkləyən çıxışı ilə gündəmə gəlib.
Majid El Şafinin qurucusu olduğu təşkilat maliyyə hesabatlarında “ianələr” hesabına fəaliyyət göstərdiyini qeyd edir. Bu “ianələrin” haradan və necə əldə olunması haqqında isə hər hansı məlumat verilmir.
Xatırladaq ki, Kanada ən güclü erməni diasporasının yer aldığı iki ölkədən biridir. Kanadada 60 min erməni yaşayır və ermənilərin ən çox məskunlaşdığı şəhərlər arasında ilk sırada Toronto yer alır.
Təkcə Torontoda 21 min erməninın yaşadığı, 16 fərqli erməni fondunun və vəqfinin fəaliyyət göstərdiyi məlumdur. “One Free World İnternational” təşkilatının mərkəzi ofisi də məhz Torontoda yerləşir.
Toronto şəhəri erməni icmasının ciddi siyasi fəaliyyətinin də mövcud olduğu yerdir. Torontonun mərkəzi olduğu Ontario əyaləti Kanada parlamentinə erməni əsilli deputatların və ciddi siyasi fiqurların seçilməsi ilə tanınır.
Bunlardan biri Ann Çavokian, 1997-2014-cü illər ərzində Ontario əyalətinin İnformasiya və Təhlükəsizlik Komissarı olub. Ann Çavokianın fəaliyyət müddətinin Majid El Şafinin Kanada vətəndaşlığı aldığı dövrə düşməsi Şafinin erməni icması ilə dərin və köklü əlaqələrə malik olduğunu bir daha sübut edir.
Dağlıq Qarabağa gerçəkləşdirilən son səfər də ermənilərin beynəlxalq arenada təbliğat aparmaq və digər təşkilatların diqqətini cəlb etmək üçün Majid El Şafi-nin köməyindən istifadə etdiklərini göstərir.
Xüsusilə “One Free World İnternational” təşkilatı oktyabr ayı üçün hesabatlarında Dağlıq Qarabağ münaqişəsinə ciddi yer ayırıb. Majid El Şafinin Kanada parlamentindəki əlaqələrindən istifadə edərək qondarma rejimin tanınmasını təmin etmək istiqamətində çalışdıqları haqda da məlumatlar var.
Rəvan Əliyev, Bizim.Media
- A-
- A
- A+
Dünya
10:49 / 05.11.2020
“One Free World İnternational” Ermənistana işləyir
Hazırda oxunan: “One Free World İnternational” Ermənistana işləyir
Hazırda oxunan: “One Free World İnternational” Ermənistana işləyir
2024
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.