Yaxın Şərqdə yeni müharibə alovlanır. İsrail-Fələstin müharibəsi sonlanmamış daha bir müharibənin anonsu verildi. Bu dəfəki münaqişə tərəfləri Livanla İsraildir.
Artıq rəsmi Təl-Əviv müharibəyə son hazırlıqlarını apardığını bəyan edib. Səbəbsə o göstərilir ki, Livandakı Hizbullah quruplaşması İsrailin təhlükəsizliyinə ciddi təhdid yaradır. Ona görə də İsrail bu dəfə problemi kökündən çözmək istəyir.
İsrailin xarici işlər naziri İsrael Katz Hizbullahla müharibə qərarının tezliklə veriləcəyini bildirib. Təbii ki, qarşı tərəfin də cavabı gecikməyib. Livandan fəaliyyət göstərən Hizbullah lideri Həsən Nəsrullah Livanın müharibəyə hazır olduğunu bəyan edib.
İsraili müharibəyə təhrik edən səbəblər
İsrail ordusu bu ərəb ölkəsi ilə münaqişəni simulyasiya edən təlim çərçivəsində artıq Livanla sərhədə qoşun yeritməyə başlayıb. İsrailin baş naziri Benyamin Netanyahu deyib ki, İsrail qüvvələri “zəfərlə bitəcək missiyaya hazırdır”.
Nəzərə alaq ki, İsrailin şimalında yerləşən Livan uzun müddətdir Təl-Əvivin hərbi gündəmində olub. Ölkənin cənubunda fəaliyyət göstərən yarımhərbi qrup olan Hizbullah İsrail-Fələstin qarşıdurmasının əvvəlindən bəri İsrailə raket və dronlarla hücum edir. Ona görə də İsrail qüvvələrini Qəzza əməliyyatından geri çəkərək, HƏMAS qrupunu dəstəkləyən qüvvələrə qarşı yönəldir. Müharibə hazırlığı ilə əlaqəli olaraq sərhəd bölgəsindən olan 60 mindən çox israilli evlərini tərk etmək məcburiyyətində qalıb.
İsrail Hizbullahı məğlub edə biləcəkmi?
İsrailin Hizbullahı məğlub edəcəyini desə də keçmiş təcrübə bunun çətin olacağını göstərir. Çünki sonuncu dəfə İsrail bunu bacarmamışdı. 2006-cı ildə İsrail Hizbullah yaraqlılarının ölkəyə soxulmasına cavab olaraq Livanın cənubuna hava zərbələri endirməyə başladı.
Lakin İsrail ordusunun Livanda irəliləməsi uğursuzluqla başa çatdı. Hizbullah İsrail ordusunu dayandırdı. Ona görə də İsrailin bu cəhdinin də uğurlu olacağı inandırıcı gəlmir. Nəzərə alaq ki, 9 aylıq müharibədə İsrail HƏMAS-ın sonunu gətirə bilməyib.
Bundan əlavə, son iki onillikdə Hizbullah öz hərbi imkanlarını əhəmiyyətli dərəcədə təkmilləşdirməyə nail olub. Hesablamalara görə, bu gün təşkilatın ordusunun sayı təxminən 100 min nəfər, raket arsenalı isə 150 min ədəd təşkil edir. İsrailin ciddi hava hücumundan müdafiə vasitələrinə - Dəmir Qübbə, “Davidin Sling” və “Arrow”lara malik olmasına baxmayaraq, Təl-Əviv gündə üç minə qədər raket atacaq hücumlara tab gətirə bilməyəcək. İsrail üçün vəziyyəti çətinləşdirən digər risk faktoru Hizbullaha Suriya, İraq və Yəməndən göstəriləcək mümkün dəstəkdir.
Bəs Livan döyüşməyə hazırdırmı?
Livan xalqı birmənalı olaraq qonşu ölkə ilə ölüm və dağıntıya səbəb olacaq növbəti münaqişədə maraqlı deyil. Bir aydan bir qədər çox davam edən 2006-cı il müharibəsindən sonra ərəb dövlətləri Livanın infrastrukturunun bərpasına milyardlarla dollar və avro xərclədilər.
Lakin bu dəfə belə olmaya bilər. Xüsusilə də əsas donorlardan biri olan və bir vaxtlar Livan siyasətində təsirli qüvvə olan Səudiyyə Ərəbistanı Hizbullahın başçılıq etdiyi şiələrə qeyri-məhdud manevr imkanı verən maraqlarını itirib.
İsrailin şimalı kimi, Livanın cənubu da tam xarabalıqlardır. Bu da Təl-Əvivin hava hücumlarının nəticəsidir. Ölkədə on minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb. Buna baxmayaraq, Hizbullah hücumlarını davam etdirir. Son bir ay ərzində İsrailə 900-dən çox raket atılıb.
Hizbullah liderlərinin fikrincə, gərginliyin indiki raundunun başadüşülən səbəbi var. Qəzzadaki müharibə və gərginliyi həll etməyin yeganə yolu İsrail qoşunlarının sərhəddən çıxarılması və Fələstin ərazisində atəşkəsin təmin edilməsidir. Hizbullah rəhbərliyi vəd edir ki, İsrail və HƏMAS silahlarını yerə qoyan kimi onlar da İsraillə danışıqlara başlayacaq.
ABŞ nə düşünür?
İsrailin əsas müttəfiqi olan ABŞ açıq İsrail-Livan müharibəsinə qarşıdır. Amerikanın yüksək rütbəli məmurları tərəflər arasında fikir ayrılıqlarını ən qısa müddətdə aradan qaldırmağa çalışırlar. Çünki ABŞ-da qarşıdan prezident seçkiləri gəlir. Ona görə ki Demokratlar Partiyası növbəti Yaxın Şərq müharibəsi fonunda seçici dəstəyini itirməyə tab gətirə bilməz. Bəlkə də buna görədir ki, Co Bayden administrasiyası genişmiqyaslı müharibədən qaçmaq üçün İsrailə silah satışını ləngidir.
İran Hizbullaha dəstək verəcəkmi?
Nəzəri olaraq, Hizbullahın əsas tərəfdaşı olan İran İsraillə müharibəyə qarşı deyil. Xüsusən də Tel-Əvivin iki cəbhədə döyüşməli olacağını nəzərə alsaq rəsmi Tehran bu məsələdə xeyli maraqlıdır.
Bununla belə, İran üçün Hizbullah hər zaman İsrailə qarşı alternativ variantdır. Ona görə də Hizbullahın hipotetik məğlubiyyəti Tehranın maraqlarına uyğun deyil. Bundan əlavə, İranda prezident seçkiləri ilə bağlı daxildə müəyyən proseslər gedir.
İsrail fikrində nə qədər qətidir?
ABŞ-ın aşkar dəstəyinin olmamasına, iqtisadiyyat üçün ciddi risklərə və düşmənin aşkar gücünə baxmayaraq İsrail hələ də Livanla mübarizə aparmaq istəyir. Çünki ölkənin şimal bölgələri üçün Hizbullah daim real təhlükədir. Bu yaxınlarda Hizbullahın 300 min insanın yaşadığı Hayfa şəhərində hərbi və mülki hədəfləri əks etdirən videonu paylaşılması onların qəzəbini daha da artırıb.
İsraillilər ümumiyyətlə Hizbullahı ölkəyə davamlı hücum edən müstəsna təcavüzkar kimi görürlər. Ona görə də baş nazirin ikinci cəbhədə aktiv hərbi əməliyyatlara başlaması üçün ictimai dəstəyi var. Bəlkə də buna görə Baş nazir Netanyahu HƏMAS-dan xeyli güclü olan Hizbullahla müharibənin təsirli olacağına əmindir.
Netanyahunun kabinetinin bir daha nazir kürsüsündə oturmağı bacaran ultra sağçı üzvləri İsrailin bütün düşmənlərini, o cümlədən Hizbullahı məhv etməyə can atırlar. İsrail və Hizbullah arasında genişmiqyaslı qarşıdurmanın nə zaman başlayacağı dəqiq məlum deyil. Lakin dünya müharibəyə hazırlaşır. Artıq Almaniya, Hollandiya, Kanada, Şimali Makedoniya, Küveyt və ABŞ gərginliyin artması fonunda öz vətəndaşlarını Livanı tərk etməyə çağırır.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Dünya
11:00 / 03.07.2024
Yaxın Şərqdə yeni müharibə ALOVLANIR – İsrailin növbəti hədəfi BƏLLİ OLDU
Hazırda oxunan: Yaxın Şərqdə yeni müharibə ALOVLANIR – İsrailin növbəti hədəfi BƏLLİ OLDU
Hazırda oxunan: Yaxın Şərqdə yeni müharibə ALOVLANIR – İsrailin növbəti hədəfi BƏLLİ OLDU
Yaxın Şərqdə yeni müharibə alovlanır. İsrail və Livan arasındakı gərginlik artır. İsrail Hizbullah ilə möhum müharibəyə hazırlaşır. ABŞ və İranın mövqeyi nədir? Müharibə qurbanları və hərəkətlərin təhlilini oxuyun.
200078
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.