Qərbin İNTİQAMI – “Gürcüstanı daha böyük problemlər gözləyir”

Hazırda oxunan: Qərbin İNTİQAMI – “Gürcüstanı daha böyük problemlər gözləyir”

Avropa Birliyi, Gürcüstana xarici agentlər haqqında qanun qəbulu ilə bağlı maliyyə dəstəyini dayandırmağı təklif edir. İqtisadçı ekspert Natiq Cəfərli, AB-nin bu addımının Gürcüstan üçün gələcəkdə ciddi problemləri göstərdiyini iddia edir.

198954

Deyəsən, Avropa Birliyi “xarici agentlər haqqında” qanunun qəbulu fonunda artıq Gürcüstana münasibətdə real qadağalara əl atmağa başlayıb.  

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cosep Borrell bildirib ki, Gürcüstana maliyyə dəstəyini və Avropa Sülh Fondunun dəstəyini dayandırmağa hazırıq, bu, dərhal edilə bilər, bu qərarlar səs çoxluğu tələb etmir: 

"Xarici agentlər haqqında" qanun ləğv olunmasa, Avropa İttifaqı Gürcüstanı Avropa Sülh Fondu xətti ilə Avropa maliyyəsindən və təchizatdan məhrum etməyə hazırdır”. 

Görünən odur ki, Avropa İttifaqı Gürcüstanı maliyyə yardımından məhrum etməyə hazırlaşır. 

Mövcud vəziyyətin baş verməsi fonunda, görəsən, Gürcüstanı nə gözləyir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli düşünür ki, AB-nin bu addımının hələlik Gürcüstana ciddi təsiri olmayacaq, lakin gələcək perspektivdə ölkə üçün pis gedişatdan xəbər verir: 

“Burada söhbət Avropa Birliyinin bəzi proqramları çərçivəsində Gürcüstanla öncədən anlaşılmış layihələrdən gedir. Amma onun həcmi o qədər də böyük deyil. Söhbət özəl sektor yatırımlarına olan qadağadan getmir. AB-nin müxtəlif institutları vasitəsilə Gürcüstanda layihələr həyata keçirilirdi. Məmurların treninqi, yol infrastrukturunun öyrənilməsi və yaxşılaşdırılması, enerji məsələləri istiqamətində araşdırıcı layihələr gözlənilirdi. 

İndiki halda, Tiflis maliyyə yardımından məhrum ediləcəksə, bu AB-nin özündən ayrılan maliyyə yardımının kəsilməsi anlamına gəlir. Hansı ki, onun məbləği də böyük deyil. Lakin həmin addım Gürcüstan üçün pis gedişatdan xəbər verir”. 

Ekspertə görə, məsələ daha da dərinləşsə, qadağaların sayı, həcmi artsa, bu halda proses biznes yatırımlarına da təsir göstərəcək: 

“Gürcüstan Cənubi Qafqaz ölkələri arasında AB-dən ən çox yatırım alan ölkədir. Yaranmış durum bu vəziyyətə də təsir göstərə bilər. Belə də, gələcəkdə Gürcüstan üçün daha ciddi problemlər yarana bilər. AB qadağaları daha da sərtləşdirsə, qurum ölkələrinin Gürcüstanda fəaliyyət göstərən şirkətləri bu bazardan çıxmalı olacaq. 

Bu isə Gürcüstanda iş yerlərinin itirilməsi, vergi daxil olmaları və turizm axınının ciddi azalmasına gətirib çıxara bilər. Hazırda Gürcüstana ildə AB ölkələrindən 1,1 milyon turist gəlir. Yaranmış vəziyyətdə isə onların da sayı kəskin azalacaq”. 

Rüfət Sultan, Bizim.Media  
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin