Avropa İttifaqında “yarpaq tökümü” – Kimlər üçün yolun sonu GÖRÜNDÜ?

Hazırda oxunan: Avropa İttifaqında “yarpaq tökümü” – Kimlər üçün yolun sonu GÖRÜNDÜ?

Son Avropa Parlamenti seçkiləri, ifrat sağ partiyaların yaxşılığı və Makronun zor gələcəyi barədə danışır. Seçkidə digər liderlər də gələcəklə bağlı təhlükələr altında olublar. Ursula von der Lyayen isə Aİ-nin rəhbəri kimi yüksəlməyi planlaşdırır.
196947

Xəbər verdiyimiz kimi ötən bazar günü, iyunun 9-da Avropa Parlamentində seçkilər keçirilib. Seçkilərdə ifrat sağ partiyalar əhəmiyyətli nəticə əldə ediblər. Bu da onu deməyə əsas verir ki, Avropa İttifaqının fəaliyyətində, xüsusən də xarici siyasətində radikal dəyişikliklər baş verəcək.

Makron şokdadır…

Artıq seçki günün səhəri bunun ilk simptomları görünməyə başlayıb. Məsələn, Fransada siyasi gərginlik pik həddə çatıb. Marin Le Penin ifrat sağçı partiyası seçkilərdə prezident Emmanuel Makron partiyasından daha yaxşı nəticə göstərib. Bu da Makron üçün ciddi siqnaldır. Təsadüfi deyil ki, Makron bazar günü axşam seçkinin nəticələrinin hökuməti üçün acınacaqlı olduğunu və buna laqeyd qala bilməyəcəklərini deyib. 

Bundan əlavə, Avropa Parlamentindəki seçkilərin rəsmi nəticələrini gözləmədən Fransa prezidenti Milli Assambleyanın - Fransa parlamentinin aşağı palatasının buraxılması və növbədənkənar seçkinin keçirilməsi barədə qərar qəbul edib.  Növbədənkənar parlament seçkisininsə birinci turu iyunun 30-da, ikinci tur isə iyulun 7-də keçiriləcək. 

Əgər bu seçkilərdə Le Penin Milli Birlik partiyası parlament çoxluğunu qazanarsa, Makronun daxili siyasətə təsiri əhəmiyyətli dərəcədə azalacaq. Hətta “Avropa 1" radiostansiyası ötən gün məlumat yayıb ki, həmin vəziyyətdə ola bilsin ki,  Makron Fransa prezidenti postundan istefa versin. Makron bu variantı hazırda yaxın ətrafı ilə ciddi müzakirə edir:

“Ölkədə keçirilən növbədənkənar parlament seçkilərində onun rəhbərlik etdiyi Renessans bloku deyil, sağçı müxalifət qalib gələrsə, Makron bu addımı atacaq”-deyə nəşr qeyd edib.

Nəzərə alaq ki, Makronun fəaliyyətindən fransızlar ciddi şəkildə narazıdır. Xüsusən də kiçik və orta sahibkarlar Fransa hökümətinin son illərdə yürütdüyü iqtisadi siyasətdən heç də məmnun deyil. Bundan başqa nəqliyyat sektorunda çalışanlar və müəllimlər də Makronun sosial siyasətindən narazıdır. Ona görə də bu yay Makron üçün çox “isti” keçəcək. Ola bilsin ki, Makron bu yayın siyasi bürküsündə “boğulsun”.

Sonu görünən tək Makron deyil.

9 iyun seçkilərində “yanan”lardan biri də digər fransız Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişeldir. O solçu olduğuna görə çətin ki, kreslosunu qoruyub saxlaya bilsin. Gedişinə yol görünən digər şəxs isə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrelldir. Son seçkilər onun da sonunu gətirə bilər.

Almaniyada da solçular uduzub

Avropa Parlamentindəki son seçkilər Almaniya hökuməti üçün də ortaya xoş olmayan nəticələr qoyub. Belə ki, Olaf Şolzun rəhbəri olduğu Sosial Demokratlar partiyası əsas rəqibi mühafizəkar və ifrat sağçı - Almaniya üçün Alternativ partiyası qarşısında zəif nəticə göstərib. Bu da o deməkdir ki, Olaf Şolzun komandası üçün çətin günlər başlayıb.

9 iyunun qalibləri…

Son seçkilərdən qazanclı çıxan hökumətlər də var. Məsələn, İtaliyanın Baş naziri Giorgia Meloninin mövqeyi xeyli güclənib. Çünki onun mühafizəkar İtaliya Qardaşları partiyası son seçkilərdə önə çıxıb.

Bazar günü keçirilən seçkilərdə o da məlum oldu ki, ifrat sağçılarla yanaşı mərkəzçi Avropa Xalq Partiyası və ya EPP də yeni qanunverici orqanın ən böyük siyasi ailəsi olaraq qalacaq. Hətta onlar mandatlarının sayını bir qədər də artıracaqlar. 

Bundansa ən çox qazanclı çıxan Ursula von der Lyayen olacaq. Hazırda Almaniyalı xanım Avropa Komissiyasının (AK) rəhbəridir. Ancaq Ursula fon der Lyayenin gözü Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti kürsüsündədir. Bunu da heç zaman gizlətməyib. Ona görə də onun Şarl Mişellə münasibəti hər zaman soyuq olub. Bir sözlə, xanım Lyayen yaxın 5 ildə Aİ-yə rəhbərlik etmək istəyir.

Von der Lyeyenin daha bir üstünlüyü odur ki, o özünü Avropada ifrat sağa qarşı qalxanı kimi görür. Bir çox avropalı liderlər və deputatlar da bununla razılaşır. Təsadüfi deyil ki, AK-nin rəhbəri ötən gün çox nikbin danışıb:

"Mərkəz qalır. Ancaq bu da bir həqiqətdir ki, sol və sağdakı ifratçılar dəstək qazanıb və buna görə də nəticə mərkəzdəki partiyalar üçün böyük məsuliyyət yaradır".

Avropalı analitiklər millətçi partiyaların üstünlük qazanmasının səbəbi kimi artan qiymətlərdən narazılıq, miqrasiya ilə bağlı narahatlıqlar və yaşıl keçidin yaratdığı xərclər, eləcə də Ukraynadakı müharibədir. Bundan sonra mühafizəkarlar öz qələbələri ilə Aİ siyasətinə təsir etməyə çalışacaqlar. 

Bununla belə, Avropa Parlamentində sağa doğru dəyişiklik təhlükəsizlik çağırışlarına, iqlim dəyişikliyinin təsiri və ya Çinin, ABŞ-ın sənaye rəqabətinə cavab vermək üçün lazım ola biləcək yeni qanunvericiliyin qəbulunu çətinləşdirə bilər.

Bir sözlə, Avropanı yaxın zamanda siyasi bürkü gözləyir. Bu bürküdən çıxmaqsa yəqin ki, tanıdığımız bir çox simalara nəsib olmayacaq.

Surxay Atakişiyev, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin