Cənubi Koreya vətəndaşlarını Yeni Kaledoniyadan təxliyə edir

Hazırda oxunan: Cənubi Koreya vətəndaşlarını Yeni Kaledoniyadan təxliyə edir

Cənubi Koreya, iğtişaşların hökm sürdüyü Yeni Kaledoniyadan vətəndaşlarını təxliyə edir. Yeni Kaledoniyada Fransanın müstəmləkəçilik siyasəti, yerli xalqın etirazı və hərbi vəziyyət barədə məlumat.

194139

Cənubi Koreya iğtişaşların hökm sürdüyü Yeni Kaledoniyadan vətəndaşlarını təxliyə etməyə başlayıb.

Bizim.Media Cənubi Koreyanın Xarici İşlər Nazirliyinin açıqlamasına istinadən xəbər verir ki, yaranmış gərgin vəziyyət fonunda təhlükəsizlik məsələləri səbəbindən 6 koreyalı təxliyə edilib. Onlar hava nəqliyyatı ilə Yeni Kaledoniyadan çıxarılıb.

Nazirlik Yeni Kaledoniyadakı digər koreyalıların təhlükəsizliyi üçün lazımi addımlar atılacağını açıqlayıb.

Qeyd edək ki, Fransanın nəzarəti altında olan və Sakit okeanda yerləşən Yeni Kaledoniyada Parisin müstəmləkəçilik siyasətindən narazı olan yerli xalq özünün hüquqları, habelə muxtariyyətlə bağlı tələblərin irəli sürüldüyü etiraz aksiyaları keçirir. Etirazlar təkcə yerli əhalinin Fransa siyasətindən artan narazılığını əks etdirmir, həm də daha çox özünüidarəetmə, yerli xalqların hüquqlarının müdafiəsi və təbii sərvətlərin fransız şirkətləri ilə birlikdə beynəlxalq korporasiyalar tərəfindən istismarına son qoyulması tələblərini ehtiva edir. Etirazlara cavab olaraq, Makron hakimiyyətinin Yeni Kaledoniyada hərbi vəziyyət elan etməsi və qoşun göndərməsi vəziyyəti daha da pisləşdirib. Yüzlərlə etirazçı həbs edilib, bütün nümayiş və aksiyalar, eləcə də sosial şəbəkələr qadağan edilərək bağlanılıb. Jurnalistlərin adaya girişi məhdudlaşdırılıb. Toqquşmalarda ölənlər və xəsarət alanlar olub.

Fransadan 16 min kilometr aralıda Sakit Okeanda yerləşən Yeni Kaledoniyada Fransanın müstəmləkəçilik siyasəti beynəlxalq ictimaiyyət və bəzi insan hüquqları təşkilatları tərəfindən də tənqid edilib. Onlar Parisi yerli xalqların mədəni və hüquqi xüsusiyyətlərinə yetərincə hörmət etməməkdə, habelə onların Fransadan müstəmləkə asılılığından xilas olmaq istəklərinə məhdud dəstək verməkdə ittiham edirlər.

Təbii sərvətlərlə zəngin olan Yeni Kaledoniya və yerli xalqın - kanakların özünəməxsus mədəniyyəti uzun illər Fransanın müstəmləkə hakimiyyətinin əsarətində olub.

Rəsmi Paris 1980-cı illərdən başlayaraq fransızların adaya köçüb yaşaması üçün böyük imkanlar yaradıb. Onlar vergilərdən azad edilib, biznes üçün şərait yaradılıb və sair. Beləliklə, 2023-cü ildə fransızların sayı yerli əhaliyə nisbətdə 60 faiz təşkil etdi. Qalan 40 faiz isə yerli xalqdan ibarətdir ki, onlar da işsizlik, sosial vəziyyətin ağırlığından əziyyət çəkirlər. Yeni Kaledoniyada münbit torpaqlar, şirkətlər, faydalı qazıntılar, daşınmaz əmlak, bir sözlə, milli sərvətlərin 80 faizi fransızlara məxsusdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin