Xəbər verdiyimiz kimi, mayın 14-də Gürcüstan parlamenti 84 lehinə, 30 əleyhinə olmaqla “Xarici təsir haqqında” qanunu üçüncü, yekun oxunuşda qəbul edib.
Parlamentdəki dinləmələr cəmi bir neçə saniyə çəkib. Parlament sədri kiminsə “Rusiya qanunu”na redaktor rəyinin olub-olmadığını soruşub, sonra isə məsələni səsverməyə qoyub.
Özü də qanun layihəsinin üçüncü oxunuşu avropalı siyasətçilərin, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi və ABŞ-ın sanksiyalar siyasəti üzrə koordinatoru Ceyms O’Brayenin Gürcüstana səfəri fonunda baş tutub.
MÖVZU İLƏ BAĞLI:
ABŞ bu hallarda Gürcüstan hakimiyyətinə qarşı sanksiyalar TƏTBİQ EDƏCƏK
Qanuna əsasən, illik gəlirlərinin 20 faizindən çoxunu xaricdən alan qeyri-hökumət təşkilatları və KİV-lər ildə bir dəfə xarici qüvvələrin maraqlarını təşviq edən təşkilatların reyestrində qeydiyyatdan keçməli və bəyannamə doldurmalıdır. Qeydiyyatdan yayınmağa çalışanlar cərimələnəcək.
Gürcüstan müxalifəti və vətəndaş cəmiyyəti hesab edir ki, bu qanun ölkədə tənqidi fikirləri sıxışdırmaq və hakimiyyətin yolunu açmaq məqsədi daşıyır.
Qanun indi imzalanması üçün Gürcüstan prezidentinə göndərilməlidir. Prezident Zurabişvili artıq qanuna veto qoyacağını bəyan edib. Ancaq Prezidentin vetosu da simvolik xarakter daşıyacaq. Çünki hakim “Gürcü arzusu” partiyasının veto qərarını ləğv etmək üçün parlamentdə kifayət qədər səsi var.
Yaranmış vəziyyətdə güman ki, Qərb Tiflisə qarşı müəyyən məhdudlaşdırıcı addımlar atmalı olacaq. Qeyd edək ki, Gürcüstan Ukrayna və Moldova kimi Avropa İttifaqına namizədlik statusu alıb. Tiflis həmçinin Aİ ölkələrinə vizasız gediş-gəlişdən yararlanır. Lakin sözügedən qanunun qəbulu fonunda Gürcüstan üçün Qərb qapısının bağlanacağı ehtimalı daha ciddi xarakter alır.
Görəsən, Qərb Tiflisə qarşı hansı addımlar atacaq?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Yusif Bağırzadə bildirir ki, Aİ-nin Tiflisə qarşı hansısa sanksiyalara getməsi mümkünsüzdür. Həmsöhbətimiz bunu Slovakiya və Macarıstanın Tiflisə sanksiya tətbiq edilməsinin əleyhinə olması ilə əlaqələndirib:
“Xarici agentlər haqqında qanun hər yerdə tətbiq olunur. Belə qanun ABŞ-da da tətbiq olunub. Aİ-nin 12 ölkəsi qanunun qəbulu fonunda Tiflisə qarşı tədbirlər görülməsini tələb edib. Burada nəzərdə tutulur ki, Gürcüstanda hakimiyyətə bağlı şirkət və fiziki şəxslərin əmlaklarına sanksiya tətbiq edilsin. Hədəf isə İvanişvilidir. Onun Avropada əmlakı və banklarda pulu var. Onun bir neçə il əvvəl Alman bankı ilə çəkişməsi də oldu. Çəkişmə nəticəsində İvanişvili həmin bankdan 850 milyon avro təzminat aldı.
Aİ ölkələrindən Slovakiya və Macarıstan isə Tiflisə sanksiyaların tətbiqinə veto qoyub. Bu mənada Aİ Tiflisə qarşı hər hansı bir tədbir görə bilməz. Sonda belə bir qanun qüvvəyə minəcək. Gürcü hökuməti onun qəbulunda israrlıdır”.
Ekspert qeyd edir ki, Aİ-dən fərqli olaraq ABŞ, Böyük Britaniya isə Tiflisə münasibətdə müəyyən məhdudlaşdırıcı addımlar ata bilər:
“Hazırda Gürcüstan vətəndaşları ABŞ-a və Britaniyaya 5 il müddətinə vizasız gedib-gələ bilər. Gürcüstan şirkətlərinin həmçinin Britaniya ilə böyük ticarət sazişləri var. Onlar dayandırıla bilər”.
Rüfət Sultan, Bizim.Media