Yaponiya hökuməti Şərqi Çin dənizində yerləşən Senkaku adalarının topoqrafik xəritələrinin nəşrinə görə Çinə etirazını bildirib.
Bizim.Media Yaponiya Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, bu barədə etiraz qarşı tərəfə Çinin Təbii Ehtiyatlar Nazirliyi aprelin 26-da həmin xəritələri öz veb-saytında yerləşdirdikdən sonra Tokio və Pekindəki diplomatik kanallar vasitəsilə çatdırılıb.
MÖVZU İLƏ BAĞLI:
ABŞ-dan Çinə xəbərdarlıq: “Müttəfiqlərimizi qoruyacağıq”
Çin nazirliyi bildirib ki, həmin xəritələr süni peyk vasitəsilə aparılan çəkilişlər və digər tədqiqatlardan sonra hazırlanıb. Saytdakı doqquz görüntüdə Senkaku adalar qrupuna daxil olan Uotsuri, Kitakocima və Minamikocima adalarının topoqrafiyası əksini tapıb.
Qeyd edək ki, hazırda həmin adalar Yaponiyanın nəzarəti altındadır, lakin Çin və Tayvan da bu adalara iddialıdır.
Yaponiya hökumətinin mövqeyinə görə, həmin adalar həm tarixi, həm də beynəlxalq hüquqa əsasən ölkənin ayrılmaz tərkib hissəsinə daxildir. Çin tərəfi də son vaxtlar bu adalar yaxınlığında gəmilərinin fəallığını artırıb.
Mütəxəssislərin rəyinə görə, xəritələrin hökumət saytında yerləşdirilməsi Çinin bu adalara hüququnu təsdiq etmək məqsədi daşıyır.
Bizim.Media