"Bizim üçün vacib olan sözlər deyil, əməllərdir” - Erməni nazir Ərdoğana cavab verdi 

Hazırda oxunan: "Bizim üçün vacib olan sözlər deyil, əməllərdir” - Erməni nazir Ərdoğana cavab verdi 

19133

Ermənistanın xarici işlər naziri Ara Ayvazyan litvalı həmkarı Gabrielus Landsbergis ilə keçirdiyi mətbuat konfransında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlamasını şərh edərkən “Ermənistan üçün vacib olan sözlər deyil, əməllərdir” ifadəsini işlədib. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı yayıb.

24 aprel tarixində Türkiyə Prezidenti Ermənistanla əlaqələrin "mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında" inkişafına çağırıb. 

Onun sözlərinə görə, "Qarabağ böhranı həll edildikdən sonra" Ankara yüksək səslə Ermənistanla əlaqələri inkişaf etdirməyə hazır olduğunu bildirib. Türk lideri bu çağırışı yalançı “erməni soyqırımı”nın 106-cı ildönümündə təkrar edib.

"Biz yalnız sözlərə deyil, əməllərə də önəm veririk. Keçmişdə oxşar mesajlar olmuşdu, hətta ikitərəfli bir sənəd imzalanmışdı, lakin bu, bir nəticə vermədi. Bir daha təkrar edirəm ki, bizim üçün vacib olan sözlər deyil, əməllərdir", deyə Ayvazyan qeyd edib.

Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Co Bayden 1915-ci ildə Osmanlıda ermənilərin qətliamını soyqırımı adlandırdığı bir açıqlama vermişdi.

Türkiyə prezidenti müəyyən dairələrin 1915-ci il hadisələrini siyasiləşdirmək və Ankaraya təzyiq etmək cəhdlərinin faydalı olmadığını söyləyib.

Qeyd edək ki, 10 oktyabr 2009-cu ildə Ermənistan və Türkiyə Xarici İşlər Nazirləri Edvard Nalbandyan və Əhməd Davudoğlu Sürixdə diplomatik əlaqələrin qurulmasına və ikitərəfli əlaqələrin inkişafına dair protokola imza atıblar.

Sənədlərdə 1915-ci il yalançı “erməni soyqırımı” məsələsini araşdırmaq üçün müstəqil tarixçilərdən ibarət ortaq komissiyanın yaradılması nəzərdə tutulurdu.

1 mart 2018-ci il tarixində Ermənistanın o zamankı prezidenti Serj Sarkisyan Ermənistan-Türkiyə protokollarının ləğvi haqqında fərmanı imzalayıb. Onun sözlərinə görə, Türkiyə öhdəliklərini kobud şəkildə pozub və Sürixdə imzalanan protokolları təsdiqləməkdən imtina edib. 

Haşiyə: Erməni nazirə məsləhət görərdik ki, Ərdoğana cavab vermək əvəzinə öz ölkəsinin istər Türkiyəyə, istərsə də Azərbaycana qarşı sərgilədiyi siyasətə yenidən baxsın və sonra qarşı tərəfin “əməllərindən” söz açsın.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin