PKK-nın aradan qaldırılması üçün Türkiyənin İraqla apardığı danışıqlar iki ölkə arasında hüquqi mətnə çevrilir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bazar ertəsi İraqa səfəri zamanı tarixi imzalar atılacaq, PKK ilə mübarizədə mühüm qərarlar veriləcək.
Aralarında prezident Ərdoğan, xarici işlər naziri Hakan Fidan, MİT müşaviri İbrahim Kalın, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktarın da olduğu izdihamlı heyətin ilk dayanacağı paytaxt Bağdad olacaq. Prezident Bağdaddan sonra Ərbilə gedəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti yazıb.
Mənbə qeyd edib ki, İraqın baş naziri Məhəmməd Şia əl-Sudaninin dəvəti ilə reallaşan səfər zamanı iki ölkə arasında 30-a yaxın müqavilənin imzalanması gözlənilir.
“Hürriyet”ə məlumat verən qaynaqlar bildiriblər ki, məqsəd Türkiyə ilə İraq arasında son zamanlar sürətlənən ikitərəfli münasibətləri hər sahədə inkişaf etdirmək və müqavilə əsaslarını gücləndirərək institusional çərçivə təmin etməkdir. Bu istiqamətdə ən mühüm addım iki ölkə arasında bir müddətdir razılaşdırılan mövzu, yəni İraq torpaqlarının terror təşkilatı PKK-dan təmizlənməsi ilə bağlı atılacaq.
Bizim.Media