Kayseridə “Şuşa” Azərbaycan Evi açıldı - FOTO

Hazırda oxunan: Kayseridə “Şuşa” Azərbaycan Evi açıldı - FOTO

186143

Aprelin 7-də Türkiyənin Kayseri şəhərində "Şuşa" Azərbaycan Evinin açılışına, həmçinin Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş təntənəli tədbirlər keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirlərin təşkilatçısı Kayseri şəhərinin Talas rayon bələdiyyəsi olub.

Azərbaycan nümayəndə heyətinin tərkibinə Prezidentin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov, diplomatlar və başqaları daxil olub.

Tədbirdə Türkiyə parlamentinin deputatları və Kayseri şəhər bələdiyyəsinin rəhbərliyi iştirak edib.

Azərbaycan Dostluq parkında yerləşən “Şuşa” Azərbaycan Evinin fasadı məşhur Şuşa qalası şəklində inşa olunub, girişində isə Azərbaycan və Türkiyə bayraqları asılıb. Burada Şuşanın məşhur bulağı olan İsa bulağının surəti də quraşdırılıb.
Binada Azərbaycan mədəniyyəti və tarixini əks etdirən eksponatlar, o cümlədən xalçalar, milli geyimlər, musiqi alətləri, müxtəlif kitablar yerləşdirilib. Bundan başqa, Azərbaycan-Türkiyə münasibətlərinə və Şuşaya həsr olunmuş fotostend yaradılıb.

Parkın ərazisində Xocalı soyqırımı qurbanlarına ucaldılmış abidə yerləşir.

Mərasim iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini yad ediblər, Türkiyə və Azərbaycanın Dövlət himnləri səsləndirilib.

Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib ki, Şuşa erməni işğalından azad olunduqdan sonra Azərbaycanın mədəniyyət paytaxtı elan edilib, o cümlədən Türkiyə şəhərləri ilə beynəlxalq əlaqələrin genişləndirilməsinə xüsusi önəm verilib.

Aydın Kərimov xatırladıb ki, 2021-ci ilin iyun ayında prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşaya səfər ediblər, tarixi Şuşa Bəyannaməsini imzalayıblar.

"Ötən dövr ərzində Şuşa ilə 9 qardaşlaşmış şəhərlər arasında Türkiyənin iki şəhəri - Kayseri və Ərzurum da olub", - deyə o, Kayseri şəhərindəki "Şuşa" Azərbaycan Evinin iki ölkə xalqlarının qardaşlığına növbəti töhfə adlandırıb.

Prezidentin xüsusi nümayəndəsi Şuşa ilə bu cür əhəmiyyətli əməkdaşlıq layihələrinin sayının artacağına ümidvar olduğunu bildirib. O, "Şuşa" Azərbaycan Evinin Kayseri və Şuşa şəhərlərinin, xüsusən qarşılıqlı əlaqəsi kontekstində iki ölkə arasında dostluq və qardaşlığın daha bir simvolu olacağına əminliyini ifadə edib.

Öz növbəsində, Talas bələdiyyəsinin sədri Mustafa Yalçın xatırladıb ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa və Türkiyənin Kayseri şəhərləri qardaşlaşmış şəhərlərdir, bu isə tərəflərin üzərinə ikitərəfli əlaqələrin dərinləşdirilməsi üzrə xüsusi məsuliyyət qoyur.

"Şuşa" Azərbaycan Evi Yenidoğan rayonundakı Azərbaycanın qardaşlıq Parkının ərazisində yaradılıb, sahəsi 20 min kvadratmetrdir. Parkın özü 2022-ci ilin noyabrında açılıb, həmin vaxt "Şuşa" Azərbaycanın Evinin təməli qoyulub", – deyə M.Yalçın xatırladıb.

Mərasim iştirakçıları "Şuşa" Azərbaycan Evinin açılışını simvolizə edən lenti kəsib, stendlərlə tanış olublar.
Tədbirlər Proqramı "Ercies" Mədəniyyət Mərkəzində Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş konsert proqramı ilə davam etdirilib.




















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin