Bu gün Türkiyə Böyük Millət Məclisində İsveçin NATO-ya üzvlüyü ilə bağlı müzakirə aparılacaq. Məlumat üçün qeyd edək ki, İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokolu yalnız Macarıstan və Türkiyə parlamentləri ratifikasiya etməyib.
Maraqlıdır, Türkiyə İsveçin NATO-ya üzvlüyünə yaşıl işıq yandıra bilərmi?
Politoloq Natiq Miri mövzunu Bizim.Media-ya şərh edib. O qeyd edib ki, İsveçin NATO-ya üzvlüyünə Türkiyənin müsbət yanaşması bəzi şəxslərdən asılıdır:
MÖVZU İLƏ BAĞLI:
Türkiyə parlamenti İsveçin NATO-ya üzvlüyü ilə bağlı SƏSVERMƏ KEÇİRƏCƏK
“Türkiyənin bu günə qədər konkret ortaya qoyduğu şərtlər var. Bu şərtlərin yerinə yetirilməsi ilə bağlı İsveçə etimad olunacaq hansısa bir situasiya mövcud deyil. Türkiyənin İsveçə təqdim etdiyi PKK terrorçularının geri qaytarılması hələ də təmin olunmayıb.
Eyni zamanda İsveçdə PKK və onları maliyyələşdirən müəyyən şəbəkələrin mövcudluğu haqqında informasiyalar var. Bunun qarşısı alınmayıb.
Doğrudur, qanunvericilik səviyyəsində bəzi addımlar atılıb, ancaq bunların konkret hansısa hüquqi siyasi nəticələr doğuracağı bəlli deyil. Bunlar şübhəli məsələlərdir.
Zamanında ABŞ İsveçin NATO-ya üzvlüyünü bazarlıq predmetinə çevirdi və Türkiyəyə təklif etdi ki, İsveçin NATO-ya üzvlüyünə yaşıl işıq yandırarsa, F16-ların modernləşdirilməsi və Türkiyəyə verilməsi məsələsi həll oluna bilər. Bayden adminstrasiyası bu istiqamətdə hələ də açıqlamalar verir. Onlar vədlərinə sadiq qaldıqlarını bəyan edirlər”.
Müsahibimiz əlavə edib ki, ABŞ növbəti dəfə Türkiyəyə verdiyi vədlərin üzərində durmayacaq və aldatmağa çalışacaq:
“Konqresdə Nümayəndələr Palatasında Baydenin bu qərarı keçirmə ehtimalı yüksək deyil. Bayden hökumətinin bu məsələdə nə qədər maraqlı olması da şübhələr yaradır. Fikrimcə, Türkiyə bu məsələdə tələsməməlidir. Çünki parlament bu qərarı ratifikasiya edərsə, Amerika Birləşmiş Ştatları və İsveçin gələcəkdə Türkiyənin maraqlarına uyğun addım atacağı ilə bağlı hər hansı bir zəmanət yoxdur.
Doğrudur, bu məsələ Türkiyə və NATO arasında müəyyən bir gərginlik yaradır. Ancaq bu, Türkiyəni o qədər də narahat etməli deyil. Çünki bu gün NATO-nun Rusiya-Ukrayna, ABŞ və Çin qarşıdurması kontekstində Türkiyəyə daha çox ehtiyacı var, nəinki Türkiyənin”.
Məhərrəm Əliyev, Bizim.Media