ABŞ Ukraynanı yarı yolda QOYDU – Zelenskinin kreslosu laxlayır?

Hazırda oxunan: ABŞ Ukraynanı yarı yolda QOYDU – Zelenskinin kreslosu laxlayır?

173094

ABŞ Ukraynaya hərbi yardımı dayandırıb. Bu barədə Ağ evin milli təhlükəsizlik üzrə koordinatoru Con Kirbi brifinqdə açıqlayıb. 

Ötən ilin dekabr ayının sonunda ABŞ Ukraynaya 250 milyon dollarlıq son yardım paketini ayırıb. 2024-cü il üçün davam edən maliyyələşdirmə hələ Konqres tərəfindən təsdiqlənməyib.

Prezident Cozef Bayden bu məqsədlə 61 milyard dollar təklif edir, ancaq respublikaçılar Amerikanın sərhədlərinin mühafizəsinə daha çox maliyyə tələb edirlər.

Dövlət Departamentinin məlumatına görə, ABŞ-ın yardımının ümumi məbləği 44,3 milyard dollardır.

Xatırladaq ki, Kiyevin rəsmi etirafına görə, Qərbin yardımları kəsilsə, Ukrayna hökumətinin ordunu saxlaya bilməməsi bir yana, 12 milyon vətəndaşa maaş və pensiya verməsi çətinləşəcək.

Maraqlıdır, Ukraynaya hərbi və humanitar yardımın dayandırılmasından sonra müharibənin gedişatı necə dəyişəcək? 

Sosial ödənişlərin kəsilməsi Zelenskinin kreslosunu laxlada bilərmi?

Politoloq Tural İsmayılov mövzu ilə bağlı Bizim.Media-ya danışıb.

Müsahibimiz qeyd edib ki, Ukraynaya yardım məsələsi Demokratlar və Respublikaçılar arasında manipulyasiya mövzusuna çevrilib: 

“2024-cü il seçkilərindən əvvəl hər iki siyasi qüvvənin rəsmi Kiyevə yardım məsələsini manipulyasiya etməsi gözlənilən idi. Burada heç bir yenilik yoxdur. ABŞ Ukraynanı yarı yolda qoyub. Bu günə qədər Kiyevə verilən vədlərin böyük hissəsi yerinə yetirilməyib. Birləşmiş Ştatlar və Kollektiv Qərb Ukraynaya verilən yardımın miqdarını azaltmaqla məşğuldur. Ona görə də bu fikirlərin səsləndirilməsi gözlənilən idi.

Respublikaçılar isə Ukraynaya 60 milyard dollar məbləğin verilməsinə razı olmurlar. Amma yardımın tamamilə kəsiləcəyi gözlənilmir. Bu, Kiyevi birbaşa ölümə, fəlakətə sürükləmək olardı. ABŞ daxilində Ukrayna lobbiləri var, onlar bu məsələdə aktiv rol oynayırlar. 

Bu gün Birləşmiş Ştatlar Konqresində təmsil olunan bəzi konqresmenlər və senatorlar əslində, ölkənin maddi resurslarının həddən artıq xaricə daşınmasına qarşıdırlar. Müxtəlif təşəbbüslərlə çıxış edərək prosesin qarşısını qalmaq istəyirlər. Fikir ayrılıqlarının kökündə əsasən, bu amil dayanır. 

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Zalujnının mediada əks-hücum əməliyyatlarının istənilən nəticə vermədiyinə görə Qərbi tənqid etməsi Kiyevin yardımların səviyyəsindən narazı olduğunu göstərir. Problem ondadır ki, Ağ Ev 106 milyard dolların 61,4 milyard dollarını Ukraynaya ayırmaq istəsə də, Konqresdən tam dəstək ala bilmir.

Çünki Respublikaçılar Partiyasını konqresdə təmsil edən qanad buna qarşıdır. Onlar vəsaitlərin başqa ölkələrə yönəldilməməsi ilə əlaqədar çağrışlar edirlər. 

Eyni zamanda, artıq ABŞ-ın ictimai-siyasi rəyində belə qənaətlər güclənir ki, uzun müddət Rusiya-Ukrayna müharibəsi və İsrail-HƏMAS qarşıdurması davam edəcək. Ona görə də hazırkı məqamda Birləşmiş Ştatların davamlı olaraq maliyyə yardımı göstərməsi məqsədəuyğun deyil. Arqument bundan ibarətdir ki, maliyyə yardımı azaldılmasa, qarşıdurma uzun müddət davam edəcək. Bu da iqtisadi baxımdan ABŞ üçün zərərlidir. Məhz bu faktordan çıxış edərək mütəmadi olaraq yardımların azaldılması ilə bağlı çağırışlar edirlər”.

“Baydenə də bəhanə lazım olacaq”

Politoloq əlavə edib ki, bir sıra dairələr, o cümlədən, cəmiyyətin müəyyən qismi istəmir ki, müharibələrin maliyyə yükünü ABŞ öz üzərinə götürsün: 

“Belə getsə, ABŞ prezidenti Baydenə də bəhanə lazım olacaq. Çünki Ukrayna tərəfindən verilən açıqlamalar da göstərir ki, Qərb onlara nə qədər yardım göstərsə də, Kiyevin istəkləri tam təmin olunmur. Bu da Ukraynanın xeyrinə işləmir. Gözləntilərin əksinə olaraq Ukrayna ordusu sürətlə irəliləyə bilmədi. Üzü qışa doğru mövqe döyüşləri isə Ukrayna üçün risklər yaradır. Bütövlükdə görünən odur ki, ABŞ get-gedə xarici ölkələrə maliyyə yardımlarını daha da azaldacaq”.

T.İsmayılov yardımların dayandırılmasından sonra sosial ödənişləri etməkdə çətinlik çəkməsi gözlənilən Zelenski hakimiyyətinin perspektivini belə dəyərləndirib:

“Zelenski bu məsələdə böyük bir dilemma qarşısındadır. Amma indiki məqamda ən pis ssenaridə belə onun hakimiyyətdən gedəcəyi ağlabatan deyil. Çünki onun gedişi Ukrayna tarixində faciə ilə xatırlana bilər. Zelenskinin devrilməsi də baş verə bilməz. Açığı, Qərbin Ukraynada dəstəklədiyi alternativ müxalifət də mövcud deyil”.


Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin