İxrac məhdudiyyətləri və iqlimin mənfi təsiri səbəbindən 2024-cü ildə əsas qida məhsullarının qlobal təchizatı azalacaq. Bu il Asiyanın əksər hissəsinə quraqlıq gətirən El-Ninyo hava hadisəsi düyü, buğda, palma yağı və digər məhsulların tədarükünü təhdid altına alaraq 2024-cü ilin birinci yarısına qədər davam edəcəyi proqnozlaşdırılır.
Bunu “IKON Commodities” kənd təsərrüfatı broker şirkətinin konsultasiya xidmətləri üzrə direktoru Ole Hou bildirib.
Maraqlıdır, Azərbaycan bu risklə bağlı hansı tədbirləri görəcək?
İqtisadçı ekspert Natiq Cəfərli Bizim.Media-ya bildirib ki, əksinə beynəlxalq hesabatlara görə, son il yarımdır ərzaq qiymətləri aşağı düşüb:
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan ərzaq təhlükəsizliyi üçün VƏSAİTİ ARTIRIR
“Hətta 2022-ci illə müqayisədə, 2023-cü ildə Ümumdünya Ərzaq İndeksi 10,8% aşağı düşüb. İndi bu il hansısa müharibələrin qızışması baş verməsə, belə bir ərzaq böhranı gözlənilmir.
Hal-hazırda nə məhsuldarlıqla bağlı ciddi probemlərin olacağı, nə də böyük müharibələrin baş verəcəyi gözlənilir. Lakin bu o demək deyil ki, belə ehtimallar yoxdur. Ümumilikdə, bu il böyük ərzaq böhranının yaranacağını düşünmürəm”.
Azərbaycana gəldikdə isə...
“Ölkəmizin əsas problemi ondan ibarətdir ki, biz özümüzü cəmi 25% ərzaqla təmin edə bilirik. Düzdür, bəzi məhsullar var ki, yüksək səviyyədə təmin olunur. Məsələn, qırmızı ət 80-85% Azərbaycanın öz istehsalıdır. Lakin bir çox məhsullar da xaricdən alınıb, burda qablaşdırılır. Bu da xaricdən asılılıq anlamına gəlir.
Məsələn, bazarda gördüyümüz çay və süd məhsulllarının əksəriyyətinin xammalı xaricdən gəlir. Xaricdən asılılığımızı azaltmaq üçün yerli istehsalın artırılmasına çalışmaq lazımdır” – deyə, ekspert bildirib.
Nuranə Daxilqızı, Bizim.Media