Braziliyada koronavirusdan ölüm sayında ANTİREKORD

Hazırda oxunan: Braziliyada koronavirusdan ölüm sayında ANTİREKORD

17167

Son 24 saat ərzində Braziliyada COVID-19-dan 4195 nəfər vəfat edib ki, bu da ölkədə ölüm sayına görə daha bir yeni antirekord sayılır.

Bizim.Media xəbər verir ki, Braziliya Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə koronavirusdan 341 min 575 nəfərdən çox insan həyatını itirib.

Koronavirusa yeni yoluxanların sayı 86 min 979 nəfər təşkil edir. Ümumilikdə isə, yoluxmaların sayı 13193037 nəfərədək yüksəlib. Ölkənin ictimai səhiyyə sistemi artıq böhran ərəfəsindədir.

Braziliya ABŞ-dan sonra koronavirusdan ən çox ölüm hadisələrinin baş verdiyi və daha yüksək yoluxma hallarının aşkarlandığı ikinci ölkədir.

Məlumatlar 212 milyon əhalisi olan bu ölkədə pandemiyanın şiddətləndiyini təsdiqləyir. Belə ki, yanvarın 17-dən başlayan vaksinləmə kampaniyası aşağı templə davam etdiyindən əhalinin yalnız 10 faizi ilk dozanı ala bilib.

Braziliyanın 46 milyon əhalisi olan ən zəngin ştatı San-Pauloda çərşənbə axşamı günü son 24 saat ərzində yeni gündəlik rekord, 1389 ölüm hadisəsi qeydə alınıb.

San-Paulo rayonundakı intensiv terapiya şöbələrinin təxminən 90 faizi artıq doludur. Yerli hakimiyyət orqanları ölüm hallarının artmasını nəzərə alaraq gecə dəfnlərinə və cəsədlərin daşınması üçün məktəb avtobuslarının istifadəsinə icazə verməli olub.

Eyni vəziyyət praktik olaraq ölkənin digər 26 əyalətində müşahidə olunur. Dövlət xəstəxanaları öz imkanları xaricində işləyir: onların tutum həddi çox məhduddur, COVID-19-a tutulan ən ağır xəstələrin intubasiyası üçün əsas dərmanlar çatışmır.

Bundan əlavə, Amazonas bölgəsində yaranmış P.1 kimi tanınan daha yoluxucu koronavirus növlərinin artıq Rio-de-Janeiro və San-Paulo kimi ölkənin bir neçə ştatında geniş yayılması ilə bağlı ciddi narahatlıqlar mövcuddur.

Latın Amerikasında aparıcı tibbi tədqiqat mərkəzi “Cruz Foundation” (Fiocruz) son bülletenində pandemiyanın “bütün aprel ayı ərzində kritik səviyyədə qala biləcəyi” barədə xəbərdarlıq edib.

Bülletendə həmçinin yaranmış vəziyyətin demək olar ki, dağılmaqda olan səhiyyə sisteminə daha çox təzyiq göstərə biləcəyi vurğulanır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin