Yeni “rəngli inqilab” PLANI – Qərb niyə Serbiyanı qarışdırmaq İSTƏYİR? 

Hazırda oxunan: Yeni “rəngli inqilab” PLANI – Qərb niyə Serbiyanı qarışdırmaq İSTƏYİR? 

170988

Avropada yeni kabus dolaşır. Bu müharibə kabusudur. Ukraynada heç bir uğur qazanmayan Qərb məğlubiyyətini gizlətmək və sonra da unutdurmaq üçün yeni gərginlik ocağı axtarır. 

Qərbin qurban seçdiyi ölkələrdən biri də Serbiyadır. Nəzərə alaq ki, Serbiya gərgin münaqişə ocağı olaraq qalır. Ötən əsrin sonlarında və 2000-ci ilin əvvəllərində bosniyalılarla, o cümlədən kosovolularla serblər arasında iri miqyaslı qanlı toqquşmalar oldu. O zaman serblərin lideri Slobadan Miloşeviç zindana atıldı, ölkə parçalandı. Lakin münaqişə sonlanmadı və Balkan region barıt çəlləyi olaraq qalmağa davam etdi.
 

MÖVZU İLƏ BAĞLI:

Serbiyada SON VƏZİYYƏT: Etirazlar yeni vüsət alır - FOTO/VİDEO


Niyə məhz Serbiya?

Serbiyada xaosun başlamasında ən çox maraqlı tərəf ABŞ-dır. Bunun da bir neçə səbəbi var. 

Birinci səbəb odur ki, ABŞ Ukraynadakı prosesləri unutdurmaq üçün yeni gərginlik meydanı yaratmaq istəyir. Bu gün Ağ Ev Ukraynada istədiklərinə nail olub. Dünyanın böyük iqtisadi və hərbi potensialına malik iki ölkəsi –Rusiya və Ukrayna müharibə bataqlığına salınıb. Onların bu bataqlıqdan çıxması hələ uzun zaman aparacaq. 


Özünü hər zaman sülhün və demokratiyanın qarantı kimi göstərən, əslində isə bütün münaqişə ocaqlarının təşkilatçısı olan Vaşinqton da çalışır ki, müəyyən müddətə Ukraynadakı proseslər arxa plana keçsin. Ona görə də Ağ Ev Şərqi Avropanın digər ölkəsi olan Serbiyada rəngli inqilab ssenarisini işə salıb.

İkinci səbəbsə odur ki, ABŞ münaqişə ocaqlarını Avropanın mərkəzinə daşımaq istəyir. Bu gün ABŞ üzdə Avropa İttifaqı ilə müttəfiq görünsə də əslində bu belə deyil. Ağ Ev daha zəif və üzüyola Avropa görmək istəyir. Bunun üçün də bütün imkanlardan yararlanmağa çalışan ABŞ hər vasitə ilə Avropada daha çox münaqişə ocağı yaratmaq istəyir.
Üçüncü səbəbsə, Rusiya faktorudur. Serbiya Avropanın müstəqil siyasət yürüdən ölkələrindən sayılır. Hətta Ukraynada müharibə başlayandan sonra rəsmi Belqrad öz ənənəvi siyasətindən əl çəkmədi və neytrallığını qorudu.

Bu isə ABŞ-ın planlarına uyğun deyil. 

Ona görə də Vaşinqton rəsmi Belqradı cəzalandırmaq istəyir. Bu məsələdə isə həm Avropadakı müttəfiqlərinin, həm də ki, ABŞ-dakı müvafiq institutların imkanlarından faydalanmaq istəyir. 

Serbiyanın müstəqil siyasəti Avropada ağalıq iddiasında olan Fransa və Almmaniyanın da işinə yaramır. Fransa və Almaniya dəfələrlə Serbiyanı Kosovanın müstəqilliyini tanımağa çağırıb. Lakin rəsmi Belqrad bu çağırışlara heç zaman müsbət cavab verməyib. Çünki Kosovanın müstəqilliyinin tanınması Serbiyanın ərazi bütövlüyünün dağılması deməkdir. Ona görə də Serbiya rəhbərliyi Kosovo məsələsində öz prinsipialllığını qoruyur. 


Nəzərə alaq ki, Qərb bu gün Serbiyanın qarşısına qoyduğu tələbi 30 il ərzində Azərbaycana qarşı da irəli sürüb. Bütün danışıqlar prosesi boyunca Qərb Azərbaycandan Qarabağa ən yüksək səviyyəli status tələb edib. Təbii ki, onların bu tələbi münaqişənin bu qədər uzanmasına səbəb olub. Lakin sonda Azərbaycan öz sözünü deyib və ərazi bütövlüyünü təmin edib. İndi isə ABŞ-la yanaşı Fransa və Almaniya da Serbiyanı Kosovoya görə cəzalandırmaq istəyir. 

Niyə məhz indi?

ABŞ adətən dövlətləri demokratiya “qamçısı” ilə cəzalandırır. Təsadüfi deyil ki, seçkilərin ertəsi günü dekabrın 18-də Serbiyada parlament və bələdiyyə seçkilərinin nəticələrinə yenidən baxılması tələbi ilə minlərlə insan hökumət əleyhinə mitinqlərə başladı. 

Dekabrın 24-də isə etirazçılar hətta paytaxt meriyasını zorla ələ keçirməyə cəhd etdilər. Dekabrın 25-də isə Serbiya Prezidenti Aleksandr Vuçiç ölkədə “rəngli inqilab”ın təşkilinə cəhdin olduğunu etiraf etdi. 

Məlumdur ki, “rəngli inqilab” ABŞ-ın ənənəvi layihələrindəndir. ABŞ-ın USAİD, NED, NDİ və digər təşkilatlarının işi məhz “rəngli inqilab”lar hazırlamaqdır. USAİD, NED, NDİ və digər təşkilatlar seşkilərdə narazı elektoratı ətrafına yığaraq həmin ölkədə siyasi çevrilişlər edir. 

Planın icrasına xeyli öncədən başlayıblar…

Təsadüfi deyil ki, adını çəkdiyimiz qurumlar hələ dekabrın 17-dən əvvəl, yəni seçki günündən qabaq işə başlayıblar. Serbiyada sülhün, sabitliyin və birliyin məhvi üçün ABŞ-ın və Avropanın bir çox təşkilatları bu ilin yazından başlayaraq Serbiyada qarışıqlıq salmağa başladı. Nəticədə, hökümətin istefa tələbi irəli sürüldü. 

May ayında Belqradda 13 yaşlı bir uşağın məktəbə atəş açması və 8 nəfərin ölümü isə xarici qüvvələr üçün əla fürsət oldu. Hadisədən sonra minlərlə insan Belqradın küçələrinə axışdı. Bunun ardınca mayın 14-də Belqrad şəhər dairəsinin bir hissəsi olan Mladenovac icmasında 21 yaşlı gənc 8 nəfəri öldürdü.


Vəziyyəti nəzarətdə saxlamaq və növbəti təxribatların qarşısını almaq üçün Aleksandar Vucic noyabrın 1-də Milli Assambleyanı buraxdı və yeni seçkinin tarixini təyin etdi. Halbuki, növbəti parlament seçkiləri 2026-cı ilin aprelində keçirilməli idi. 

Serbiya Prezidentinin bu addımı Qərb tərəfindən alqışlanmadı, əksinə müxtəlif təxribatçı hərəkətlər bir-birinin ardınca baş verdi.

USAİD, NED, NDİ və digər təşkilatlarla yanaşı Avropa İttifaqının bəzi rəsmiləri  Serbiyadakı seçkilərdə səslərin “satın alınacağı”, “hakimiyyətin seçkiləri oğurlayacağı” və bu kimi fikirlər səsləndirməyə başladılar. Amma dekabrın 17-də keçirilən seçkilər nisbətən sakit keçdi. Buna baxmayaraq, seçki prosesi başa çatmamış həm ABŞ, həm də Aİ institutları seçkilərin saxtalaşdırıldığı barədə məlumat yaymağa başladılar. 

Hətta Avropa diplomatiyasının rəhbəri Cozep Borrel bildirdi ki, Serbiyadakı seçki prosesi “ təkmilləşdirmə və islahatlar” tələb edir. Onun fikirləri anındaca Almaniya Xarici İşlər Nazirliyi tərəfindən dəstəkləndi. Təbii ki, ABŞ Dövlət Departamenti də boş dayanmadı. Dövlət Departamenti Serbiyanı mümkün seçki pozuntularını araşdırmaq üçün ATƏT ilə əməkdaşlığa çağırdı. 

Beləcə, həm ABŞ, həm də Aİ öz hökmünü verdi. 

Halbuki, 400-ə yaxın qərbli müşahidəçilər ciddi pozuntu qeydə almadıqlarını söyləmişdilər.

Sonda “Aleksandar Vučić - Serbiya dayanmamalıdır” bloku 46%-dən çox, müxalifət isə onun yarısı qədər(23,7%) səs topladı. Bunun ardınca Ölkə prezidenti Serbiya Sosialist Partiyasının da daxil olacağı yeni hökumətin qurulacağını açıqladı.

Lakin Qərb Vuçiçin qələbəsi ilə razılaşmaq istəmir. Ona görə də Qərbin iştirakı ilə “Serbiya zorakılığa qarşı” koalisiyası yaradıldı və narazı elektoratın təkidi ilə bəzi narazı insanlar küçələrə töküldü. Artıq neçə gündür ki, Belqrad əvvəlki sakit həyatını unudub. “Narazı” elektorat Vuçiçin istefasını tələb edir. Daha doğrusu Qərb missionerlərinin maliyyəsi və təşkilatçılığı ilə Serbiyada yeni münaqişə ocağı hazırlanır…

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin