Qərbin XƏYANƏTİ – Avropa Ukraynanı yarı yolda buraxır…

Hazırda oxunan: Qərbin XƏYANƏTİ – Avropa Ukraynanı yarı yolda buraxır…

170102

“Slovakiya öz ərazisində Rusiyaya məxsus daşınmaz əmlakı dondurmaq niyyətində deyil”.

Bu barədə ölkənin Baş naziri Robert Fitso bildirib. O bildirib ki, məsələn, Çexiya, öz ərazisində Rusiyaya və ya onun nümayəndələrinə yaxud da sahibkarlarına məxsus daşınmaz əmlakı dondurub:

“Biz əlbəttə ki, bu yolla getməyəcəyik”.

Beləliklə, Avropa İttifaqının daha bir üzvü Ukraynaya qarşı çıxmış oldu. Buna qədər Macarıstan höküməti bildirmişdi ki, ölkəsi üzərindən Ukraynaya hər hansı bir hərbi yardım keçməyəcək.

Ötən gecə Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, Avropa tarixində heç vaxt müharibə vəziyyətində olan bir ölkə Avropa İttifaqına daxil olmaq istəməyib və Ukrayna bu vəziyyətdə bir ilkdir:

“Şübhə yoxdur ki, əgər biz Ukraynanı Avropa İttifaqına (Aİ) üzv qəbul etsək, o zaman Mərkəzi Avropa ölkələrinə, o cümlədən Macarıstana göstərilən bütün yardımlar onlara veriləcək”.

Beləcə, iki mərkəzi Avropa dövləti qəti şəkildə Ukraynaya yardımın əleyhinə çıxıb.

Üstəlik, Macarıstan Ukraynanın həm NATO-ya, həm də Aİ-yə üzvlüyünün qəti əleyhdarıdır. Bu isə o deməkdir ki, Qərbin Ukraynaya vədlərinin heç bir əsası yoxdur. Çünki üzv dövlətlərin hər birinin veto hüququ var.

Yəqin ki, ən azından Macarıstan və yaxud Slovakiya bu hüquqdan istifadə edəcək. Hələ o zamana kimi narazı dövlətlərin sayı xeyli arta bilər. Çünki Aİ-nin ümumi büdcəsi var və hər bir dövlət də o büdcədən yararlanır. Ukrayna kimi yarımcan bir dövlətin Aİ-yə üzvlüyü olsa-olsa Rusiyanı qıcıqlandıra bilər.

Amma nəzərə alaq ki, Ukrayna ərazisinə və əhalisinə görə Avropanın iki ən böyük ölkəsindən biridir. Bəlkə də əvvəlki dönəmlərdə Ukraynanın Aİ-yə hansısa töhfəsi ola bilərdi. Lakin indiki halda Ukrayna Aİ-yə ancaq yükdür.

Ona görə də Ukraynanın üzvlük məsələsi ciddiləşəndə əksər üzv dövlətlər Macarıstan və Slovakiya kimi davranacaq. Hələliksə bir çox dövlətlər ABŞ-ın təzyiqi ilə susur.

Bulanıq suda balıq tutmaq istəyənlər…

Bəzi dövlətlərsə, məsələn Fransa ”bulanıq suda balıq tutmaq istəyir”. Çünki Yelisey Sarayındakıları Ukrayna xalqının faciəvi taleyi maraqlandırmır. Makron hökuməti Ukraynanın ağır vəziyyətindən daha çox iqtisadi-siyasi dividend əldə etmək istəyir. Bu dividendlər hesabına Fransa Avropada əsas söz yiyəsi olmağa çalışır.

Amma Ukraynada hər gün həyatını itirən yüzlərlə insan, dağılan infrastruktur rəsmi Parisin vecinə belə deyil. Fransızlar adətləri üzrə insanların faciəsinin üzərindən keçərək qazandıqları nəticəyə baxırlar. Ona görə də Fransa hazırda Ukraynanı daha iri miqyaslı müharibəyə təşviq etmək üçün dəridən-qabıqdan çıxır.

Maraqlıdır ki, Ukraynanın ruslara müqavimət göstərməyə taqəti qalmayıb. Bu gün Qərb mətbuatı yazır ki, “Almaniyada yaşayan ukraynalılar hərbi səfərbərliyə cəlb edilir, Avropada döyüşçü axtarmaqla müharibə dönüş etmək olmaz”.

Nəzərə alaq ki, Ukrayna 2 yayı boşa verdi. Qışda isə hansısa uğurlu əməliyyat keçirtmək inandırıcı gəlmir. Xatırladaq ki, tarix boyu heç bir ordu qış müharibəsində ruslara qalib gələ bilməyib. Ona görə də ən azı yaxın 6 ayda Ukraynanı yaxşı heç nə gözləmir.

Qərb isə Ukraynanı yeni hücumlara təşviq edir.

Qərbin bu qədər zalım davranışı bəzən təəccüb də doğurur. Sanki, Qərb Rusiyanın yox, Ukraynanın məhvinə çalışır. Belə olmasa idi Ukraynanı perspektivsiz hücuma sövq etməzdilər.

Əslində, burda təəccüblü bir şey yoxdur. Ukrayna bir zamanlar dünyanın ən iri taxıl tədarükçülərindən biri idi. Ölkənin zəngin əlvan-metal ehtiyatı var. Ukrayna həm də böyük tranzit ölkələrindən biridir. Bir sözlə, Ukrayna çox böyük iqtisadi potensiala malik idi. Qərbsə belə bir ölkə ilə qonşu olmaq istəməzdi.

Ona görə də Ukrayna sonu görünməyən bir müharibəyə sövq edildi. Rusiya və Ukrayna kimi iki böyük dövlət Qərbin toruna düşdü. Onlar bu gün geri dönüşü olmayan bir labirintə düşüblər. Bir neçə gün əvvəl Vladimir Putin gec də olsa etiraf etdi ki, ruslarla ukraynalılar eyni soy -kökə, ortaq tarixi keçmişə və eyni dini təriqətə malikdirlər.

Putinin bu etirafı bir qədər gecikmiş olsa da həqiqətdir.

Amma etiraf heç nəyi dəyişmir. İki qardaş xalq artıq düşmənə çevrilib. Hətta bəzi beynəlxalq ekspertlər iddia edirlər ki, 2024-cü ildə dünya xəritəsində indiki Ukraynadan heç nə qalmayacaq. 2024-cü ilə isə sayılı günlər qalıb…

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin