Yüz illərdir QANAYAN YARA – HƏMAS-İsrail müharibəsinin TARİXİ KÖKLƏRİ

Hazırda oxunan: Yüz illərdir QANAYAN YARA – HƏMAS-İsrail müharibəsinin TARİXİ KÖKLƏRİ

166869

Artıq 2 aya yaxındır ki, Yaxın Şərqdə müharibə davam edir. Qurbanların sayı hər gün artır. Bu dəfəki münaqişəni HƏMAS başlasa da İsrail onu dayandırmaq fikrində deyil. İsrailin Baş naziri Benyamin Netanyahu ötən gün bəyan etdi ki, atəşkəs müddəti bitdikdən sonra əməliyyatları davam etdirəcəklər.

Osmanlı Sultanı yəhudilərin dövlət qurmasını necə əngəlləyib?

Nəzərə alaq ki, Fələstin-İsrail qarşıdurmasının uzun və keçməkeşli tarixi var. Uzun illər bu ərazilər Osmanlı İmperiyasının nəzarətində olub. O zamanlar Qəzzada qanlı toqquşmalar çox nadir hallarda olurdu və lokal xarakter daşıyırdı.Yəhudilər hər zaman Qüdsə can atıblar. Onlar Qüdsü öz təbirlərincə Yerusəlim adlandırırlar. Yəhudilərin ən böyük arzuları Yerusəlimi İsrailin paytaxtı kimi görməkdir.

Lakin 600 ilə yaxın Osmanlı İmeriyası yəhudilərin bu arzusuna qarşı çıxıb. Hətta ən ağır zamanlarda belə osmanlılar yəhudilərə meydan verməyib. Yada salaq ki, XIX əsrin sonunda Osman İmperiyası çətin iqtisadi duruma düşmüşdü. Xarici borclar idarəolunmayacaq səviyyəyə çatmışdı. Belə bir zamanda yəhudilər dövriyyəyə girir. MASSON-nun yaradıcısı və ilk lideri Teodar Hers İstanbula gəlib Sultan Abdulhəmidlə görüşür. Görüş zamanı Hers Osmanlı sultanına təklif edir ki, Qüds və ətraf ərazilərdə yəhudilərin məskunlaşmasına icazə versin:

“Əvəzində, biz də Osmanlının bütün xarici borclarını bağlayaq”.

Lakin Sultan Abdulhəmid bu təkliflə razılaşmır. Yəhudilərin kompakt və müvəqqəti yaşaması indiki İraqın şimal hissəsində böyük bir ərazi təklif edir. Lakin, yəhudi lider bununla razılaşmır. Bu dəfə dövriyyəyə terrorçu ermənilər girir. 1905-ci ildə Cümə namazından çıxan Sultan Abdulhəmidə sui-qəsd edilir. Lakin təsadüf nəticəsində sultan sağ qalır.

Osmanlıların 600 il sülh yaratdığı Qəzzada Qərb niyə sülh yarada bilmir?

Osmanlı İmperiyasının Birinci Dünya Müharibəsində məğlub olmasından sonra Böyük Britaniya Fələstin kimi tanınan əraziyə nəzarəti ələ keçirdi. O zaman bu ərazilərdə yəhudilər azlıq, ərəblərsə çoxluq təşkil edirdi. Bir müddət sonraisə beynəlxalq ictimaiyyət Böyük Britaniyaya Fələstində yəhudi xalqı üçün “milli ev” yaratmaq tapşırığını verdi. Bundan sonra iki xalq arasında gərginlik yenidən artdı.

İngilislər açıq şəkildə yəhudilərə dəstək olmağa çalışırdı. Təsadüfi deyil ki, 1917-ci ildə Britaniyanın o zamankı xarici işlər naziri Artur Balfourun adıyla bağlı olan “Balfour Bəyannaməsi”ndə yəhudilərə böyük imtiyazlar verilirdi.

1922-ci ildə Birləşmiş Millətlər Təşkilatının sələfi olan, yeni yaradılmış Millətlər Liqası tərəfindən təsdiq edilən həmin sənəddə Fələstin yəhudilərin ata-baba yurdu kimi göstərilib. Bu qərardan sonra silahlı münaqişələr yenidən qızışdı. Münaqişələrlə paralel yəhudilərin bölgəyə axını gücləndi. 1920-1940-cı illər arasında oraya yüz minlərlə yəhudi gəldi.

BMT-nin yanlış, yoxsa məqsədli qərarı?

1947-ci ildə BMT-də Fələstinin ayrı-ayrı yəhudi və ərəb dövlətlərinə bölünməsinə və Qüdsün (Yerusəlimin) BMT nəzarəti altında xüsusi statusa malik ayrıca bir şəhərə çevrilməsinə səs verildi. Halbuki, BMT-nin hansısa dövlətin sərhədlərini müəyyən etmək və yaxud dəyişmək kimi bir səlahiyyəti yoxdur.

Bununla belə BMT-nin aparıcı üzvləri olan xristian dövlətləri qurum adından belə bir qərarın verilməsinə nail oldular. Bu azmış kimi BMT və Qərb dövlətləri məlum qərardan sonra qısa zamanda bu ərazilərə dünyanın müxtəlif yerlərindən 1 milyondan artıq yəhudi köçürülməsinə dəstək oldu.
Ən qəribəsi də odur ki, BMT-nin qərarından az sonra ingilislər müəmmalı şəkildə 1948-ci ildə bölgədən geri çəkildi. İngilislərin gedişindən dərhal sonra İsrail dövlətinin yaradıldığı elan edildi. İsrail dövlətçiliyini elan etdikdən cəmi bir gün sonra beş ərəb ölkəsi ona qarşı müharibəyə başladı. Nəticədə İordaniya İordan çayının Qərb sahili kimi tanınan əraziləri, Misir isə Qəzzaya nəzarətinə keçirdi.

Göründüyü kimi, BMT-nin 1947-ci ildəki məlum qərarı Yaxın Şərqdə sonu görünməyən bir münaqişəyə yol açdı.

Maraqldır ki, Qərb Qüds məsələsində hər zaman ikili oyun oynayıb.

Sözdə Qərb Qüdsü İsrail ərazisi kimi tanısa da əməldə yəhudilərin bir dövlət kimi formalaşıb inkişaf etməsinə isti baxmayıb. Əslində fələstinlilər Qərbin yəhudilərin başı üzərində asdığı “Domokl qılıncı”dır. Zaman-zaman Qərb bu qılıncdan yetərincə faydalanıb. Ən başlıcası qüdrətli yəhudi dövlətinin qurulmaması üçün Qərb fələstinlilərdən və bir sıra terror təşkilatının imkanlarından lazımınca bəhrələnib.

Tərəflər arasında növbəti qanlı müharibə 1967-ci ildə başlayıb. Bu müharibədə İsrail Şərqi Qüdsü və İordan çayının qərb sahilini, həmçinin Suriyanın Qolan təpələrinin çoxunu, Qəzzanı və Misirin Sinay yarımadasını işğal etdi. Həmin müharibədən qaçan fələstinlilər Qəzzada və İordan çayının qərb sahilində, eləcə də qonşu İordaniya, Suriya və Livanda məskunlaşdı.
Bu günə kimi İsrail höküməti həmin qaçqın ailələrinin öz dədə-baba ocaqlarına qayıdışına imkan vermir. Əvəzində son 50 ildə İsrail İordan çayının qərb sahilində və Şərqi Qüdsdə 700 mindən çox yəhudinin yaşaması üçün qəsəbələr salıb. Maraqlıdır ki, BMT və bir sıra dövlətlər bu əraziləri yəhudi torpaqları hesab etmir.

Qəzza zolağı nədir?

Qəzza İsrail dövləti və Aralıq dənizi arasında yerləşən, Misirlə qısa cənub sərhədi olan dar bir torpaq zolağıdır. Cəmi 41 kilometr uzunluğunda və 10 kilometr enində, iki milyondan çox əhalisi olan və Yer kürəsində ən sıx məskunlaşmanın olduğu ərazilərdən biridir.

1948-49-cu illər müharibəsindən sonra Qəzza 19 il Misirin nəzarətində olub. İsrail 1967-ci il müharibəsində Qəzzanı nəzarətə götürüb və 2005-ci ilə qədər orada qalıb, bu müddət ərzində yəhudi qəsəbələri tikib. İsrail 2005-ci ildə qoşunlarını və məskunlaşdırdığı əhalini geri çəkib, baxmayaraq ki, o, hava məkanına, ortaq sərhədə və dəniz sahilinə nəzarəti hələ də əlində saxlayır.

Təzadlı yanaşmalar

Göründüyü kimi, İsrail-Fələstin münaqişəsində BMT-nin və aparıcı dünya dövlətlərin vahid mövqeyi yoxdur. Məsələn, ABŞ, Avropa Birliyi və digər Qərb ölkələri İsraili dəstəkləyir. Tək bir faktı deyək ki, son 75 ildə ABŞ yəhudi dövlətinə 260 milyard dollardan çox hərbi və iqtisadi yardım edib. Bu gün də hərbi və siyasi yardımını əsirgəmir.

Amma bununla belə ABŞ əsrlər boyu davam edən bu qanlı münaqişənin sona çatması üçün heç bir təşəbbüs göstərmir. Üstəlik, ABŞ və digər Qərb ölkələrində ictimaiyyət və QHT-lər fələstinliləri dəstəkləyir.

Dünyanın digər supergücü Rusiya və Çin isə birmənalı şəkildə Fələstinin yanında dayanır. Maraqlıdır ki, bu iki dövlət bu günə kimi HƏMAS-ı qınamaqdan belə imtina edib. Amma sözdə münaqişə tərəflərini sülhə dəvət edirlər. Bu da onu göstərir ki, Qüds yəhudilər və müsəlmanlar üçün müqəddəs ünvandan daha çox qlobal güclərin maraqlarının toqquşduğu bir məntəqədir. Ona görə də bu bölgəyə yaxın zamanlarda sülhün gələcəyi heç inandırıcı görünmür.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin