ABŞ-ın ƏSL SİMASI – Yaxın Şərq necə qan gölünə ÇEVRİLDİ?

Hazırda oxunan: ABŞ-ın ƏSL SİMASI – Yaxın Şərq necə qan gölünə ÇEVRİLDİ?

166519

Yaşlı nəsil çox yaxşı xatırlayar: SSRİ dövründə deyirdilər ki, sovet vətəndaşları təkcə dünyanın “ağ adamı” sayılmır, həm də haqqın, ədalətin çarçısı və müdafiəçisi hesab olunur. Sovet adamı hara ayaq bassa, orada “çiçəklər açırdı”, sülh, əmin-əmanlıq “bərqərar olurdu”.

Bir sözlə, Sovet adamı təkcə öz xalqı üçün deyil, həm də bütün dünya xalqları üçün fikirləşir, çalışırdı. 
 

MÖVZU İLƏ BAĞLI:

Bayden ölkəmizin təhlükəsizliyini təhdid edir - Ağ Evin keçmiş həkimi 


Bu yolda dünyanın imperialist dövlətləri olan ABŞ, Fransa və digər ölkələrə qarşı mübarizə aparırdı.  İş hətta o yerə çatmışdı ki, “Sovet adamı 1959-cu ildə Amerika qitəsinə gedib Kuba xalqını ABŞ işğalından azad edib” deyirdilər. 1959-cu ildən sonra Kubaya “azadlıq adası” adı verildi. Yəni 40-50 il qabaq ABŞ dünyanın ən imperialist və işğalçı dövləti sayılırdı. 

Lakin SSRİ dağıdılandan sonra dünyada yeni reallıqlar ortaya çıxdı. Yeni reallıqlar heç də ABŞ-ın “süddən çıxmış ağ qaşıq” olduğunu sübuta yetirmədi. Bəlli oldu ki, imperializm və təcüvüzkarlıq mövzusunda SSRİ də ABŞ-dan geri qalmır. 

Hər cür müqayisə qüsurludur

Bu aforizmi rəhbər tutaraq SSRİ-nin, yoxsa ABŞ-ın daha təcavüzkar və imperialist olduğunu müqayisə etməyəcəyik. Amma bəzi faktları xatırladacağıq. 

Yada salaq ki, bəşəriyyət XXI əsrə qütbləşmiş dünya fonunda qədəm qoydu. Qütbləşən dünyamızda ABŞ və onun tərəfdaşları olan Avropaya Qərb, SSRİ-nin xarabazarlığı üzərində ayaqda qalmağa çalışan Rusiya və dirçəlməkdə olan Çinə isə Şərq deməyə başladıq. Uzun illər aparılan ideoloji mübarizənin nəticəsi olaraq belə bir fikir formalaşıb ki, bütün insanlıq, yaxşı əməllər Qərbdə, şər və pis əməllər Şərqdə toplaşıb. 

Amma Qərb son 30 ildə nə Şərqə, nə də ki, dünyanın digər məntəqələrinə öz “dəyərlər”ini ixrac etmədi. Qərbə oxşamaq istəyənlərinsə “anadan əmdiyi süd burnundan gətirildi”. 

Bəs, Qərbin mahiyyəti nədir?

Qərb ilk növbədə xristian dövlətlərin toplandığı coğrafi bir ərazidir. Qərbin əsas hədəfi tarixən digər dinlərdən olan dövlətlərin maddi-mənəvi sərvətini daşıyıb yemək olub. Aparılan, dağıdılan Şərq ölkələrinə isə ancaq ümid verilib. Ümidin mahiyyəti isə bu olub ki, “sən biz deyənləri etsən, sənin də ölkən ABŞ, Fransa və digər ölkələr kimi inkişaf edəcək, qabağa gedəcək”. 

Amma Qərbin şirin vədinə inanan heç bir ölkə son 30 ildə ağ günə çıxmayıb. Əksinə Qərbin vədlərinə inanan ölkələr rəngli inqilablar hesabına xarabazarlığa çevrilib. Halbuki, küyə gedən ölkələr zamanında dünyanın iqtisadi-siyasi cəhətdən ən stabil ölkələri olublar. Amma rəngli inqilablardan sonra həmin ölkələr geridönüşü olmayan bir yola giriblər.

ABŞ niyə Şərqi hədəfə alıb?

Şərq hər zaman zəngin təbii ehtiyatlara malik olub. Bu sərvətləri daşıyıb aparmaq istəyən ABŞ isə davamlı olaraq Şərq ölkələrindəki maşaları vasitəsi ilə dövlət çevrilişləri, vətəndaş müharibələri törədib. ABŞ son 25 ildə dünyanın ən çox valyuta və karbohidrogen ehtiyatlarına malik ərəb ölkələrini necə xarabazarlığa çevirdiyini hər birimiz yaxşı xatırlayırıq. 

“Ərəb baharı” adı ilə Tunisdən başlayan siyasi çevrilişlər İraqa qədər davam etdi. Yol üstünə çıxan yerli liderlər ən ağır və amansız şəkildə cəzalandırıldı. Bir anlığa Qəddafinin və Səddam Hüseynin dəhşətli sonluğunu göz önünə gətirək. Liviya səhralarını cənnətə çevirən və sözün həqiqi mənasında ölkəsində ədalətli sistem quran Qəddafi ABŞ-ın qəzəbinə tuş gəlməyə bilməzdi. 

Çünki Ağ Evdəkilərin düşüncəsinə görə ən qüdrətli iqtisadiyyat, ən ədalətli sosial siyasət məhz ABŞ-da olmalıdır. Digər ölkələrsə bunu ancaq arzulaya, xəyal edə bilərlər. Ona görə də əsl sosial bir dövlət quran Qəddafi hədəfə alındı. O amansız şəkildə hakimiyyətdən endirildi, ən təhqiramiz şəkildə qətlə yetirildi.  
Səddam Hüseynsə ən pis şəkildə təhqir edilərək edam olundu. Suriya isə cəhənnəmə çevrildi. Halbuki, amerikalı siyasətçilər ərəblərə demokratiya, “xoşbəxt gələcək” vəd eləmişdi. Amma nəticələr verilən vəddən çox-çox uzaqdır. Suriyada, İraqda, Liviyada, Misirdə həyatın 30 il əvvəlki axarına dönməsi üçün uzun illər lazımdır. Yəqin ki, ərəblər üçün keçmiş zamanlar ən yaxşı halda gözəl nağıl, reallaşmayacaq xəyal olacaq. 

Hələ Əfqanıstanı demirik.

40 ildən artıqdır ki, Əfqanıstan hərbi poliqona çevrilib. Onilliklər boyu milyonlarla sadə əfqan qətlə yetirilib. Qalanlarsa narkotik asılılığından əziyyət çəkir. Rusiya və digər gücləri Əfqanıstandan qovan ABŞ sonda özü də bu ölkəni tərk etdi. Ölkə Ağ Evin layihəsi olan talibançılara təhvil verildi. 

Hazırda Əfqanıstan tətiyi çəkilməkdə olan bombadır. Nə zamansa bu bölgədə qanlı müharibə başlayacaq. Vaşinqton talibançılardan ya Çinə, ya Pakistana, ya da ki, İrana qarşı istifadə edəcək. Baxmayaraq ki, Ağ Ev sözdə talibançıları tanımadığını deyir. 

Amma əslində Taliban amerikalıların yaratdığı quldur dəstəsidir. Bu quldur dəstəsi təkcə region üçün yox, həm də İslam aləminə qarşı hazırlanmış qorxunc bir layihədir. Unutmayaq ki, ABŞ öz imperialist niyyətinə çatmaq üçün din faktorundan məharətlə istifadə edir.

İslam birliyinin bərqərar olmasının qarşısını almaq üçün dünyaya Taliban kimi yeni “İslam dövləti” təqdim edir. Halbuki Talibanın İslamla yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur.

Bir sözlə, ABŞ dünya ağalığı üçün qarşısına çıxan hər kəsi və hər şeyi əzib keçir. Əzilən xalqların sərvətləri isə açıq və gizli yollarla okeanın o tayına daşınır. Beləcə, iqtisadi cəhətdən defolt vəziyyətdə olan ABŞ zor gücünə ayaqda qalır və dünyanı silah gücü ilə idarə etmək istəyir.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin