Ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler və rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edərək əklil və gül dəstələri qoyub, xatirələrinə ehtiram nümayiş etdirib.
Bizim.Media xəbər verir ki, sonra Müdafiə Nazirliyində təntənəli qarşılama mərasimi olub, hər iki ölkənin müdafiə nazirləri fəxri qarovulun önündən keçib.
Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestrinin ifasında Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib. Protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.
Qarşılama mərasimindən sonra müdafiə naziri və nazirliyin digər rəhbər heyəti Türkiyə nümayəndə heyəti ilə görüşüb.
General-polkovnik Z.Həsənov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edən nazir bu istiqamətdə görülən işlərin bundan sonra da yüksələn templə davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Türkiyənin milli müdafiə naziri kimi qardaş ölkəyə ilk rəsmi səfərindən məmnunluğunu ifadə edən Y.Güler göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, ölkələrimiz arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib.
Görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.
Bizim.Media