Köhnə dostlar düşmənə ÇEVRİLİR... – Rusiya-İran gərginliyinin PƏRDƏARXASI

Hazırda oxunan: Köhnə dostlar düşmənə ÇEVRİLİR... – Rusiya-İran gərginliyinin PƏRDƏARXASI

146045

Xəbər verdiyimiz kimi, Rusiyanın Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb. İran körfəzindəki üç mübahisəli ada ilə bağlı Rusiya və Fars Körfəzi Əməkdaşlıq Şurası arasında strateji danışıqların 6-cı mərhələsinin yekun bəyanatında yer alan fikirlərlə bağlı olaraq səfir Aleksey Dedova etiraz notası təqdim edib. 

Qeyd edək ki, Əməkdaşlıq Şurasının Moskvada keçirilən iclasın yekunlarına dair Rusiya-BƏƏ ortaq Bəyanatında Böyük Tunb, Kiçik Tunb və Əbu Musa adaları ilə bağlı problemin beynəlxalq hüquq normaları çərçivəsində həllinin vacibliyi vurğulanıb. 

Tehran tələb edir ki, Rusiya sözügedən adaların İrana məxsus olduğunu bəyan etsin. İran həmçinin, bu məsələ ilə bağlı müzakirələrə ehtiyac olmadığını qeyd edir. 

Lakin Əbu-Dabi bunun əksini iddia edir. Həmin adalarda zəngin neft ehtiyatlarının olması səbəbindən iki ölkə arasında mübahisə də qızışır.

Qeyd edək ki, 1971-ci ilədək Böyük Britaniyanın protektoratlığı altında olan adalar həmin ildə BƏƏ-yə qaytarılıb. Lakin sonradan İran onları işğal edib.

Hazırda İran Ukraynada müharibə aparan Rusiyaya mühüm silahlar göndərən tək-tük ölkələrdəndir. Rusiya Ukrayna şəhərlərini məhz İrandan aldığı raketlərlə, dronlarla vurur. Bu iki ölkə həmçinin Suriyada əməkdaşlıq edir. 

Amma bununla belə, Rusiyanın 3 adaya münasibətdə BƏƏ-ni haqlı hesab etməsi Moskva ilə Tehran arasında münasibətlərdə müəyyən gərginlik yaradıb. Yaranmış vəziyyətdə İranın dövlətə yaxın bir sıra KİV-ləri Rusiyanı ittiham etməyə başlayıblar. Onlar Rusiyanı kafir adlandırmaqdan da çəkinmirlər. 

Görəsən, Rusiyanın İranı işğalçı kimi qiymətləndirməsi nə ilə nəticələnəcək?

Bizim.Media-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirir ki, Moskvanın bu addımı İranın izolyasiyası ilə nəticələnəcək:
 

MÖVZU İLƏ BAĞLI:

İranla Rusiya arasında gizli razılaşma ÜZƏ ÇIXDI


“İranla Rusiya son zamanlara qədər bir-birinə yaxın, dost dövlətlər olub. Amma görünən odur ki, indi onların dostluğuna son qoyulur. İranla Körfəz dövlətləri arasında ciddi problemlər var. 3 ada məsələsində Moskva BƏƏ-in mövqeyinə yaxın mövqe bildirməklə bir növ İrana cəbhə açdı. Ola bilsin bizə məlum olmayan hansısa diplomatik gedişlər var ki, uzun müddət bir yerdə olan iki dövlət indi bir-birinin əleyhinə gedir. 

Sözügedən 3 ada elə də böyük deyil, orada insanlar yaşamır. Amma geostrateji cəhətdən mühüm adalardır. Çünki Hörmüz körfəzindən dünya neft daşınmasının 40 faizi keçir.

BƏƏ-in adalara iddia etməsi və Rusiyanın da bunu tanıması əslində ABŞ üçün referansdır. ABŞ həmin adalarda hərbi baza yaratmaq istəyir. Bu isə gələcəkdə İranın dağıdılmasına xidmət edəcək. İranı da qıcıqlandıran budur.  

Moskva ola bilsin həmin adaları BƏƏ-in ərazisi kimi tanımaqla, əvəzində ABŞ-dan da nələrisə almaq istəyir. Tehranla Moskva arasında yaranan bu gərginlik İranın izolyasiyası ilə nəticələnə bilər.
İran bilirsiniz ki, Zəngəzur dəhlizinin əleyhinədir. Rusiya isə bunda maraqlıdır. Bu mənada ola bilsin Moskva Tehranın Zəngəzur dəhlizilə bağlı mövqeyindən əl çəkməsi üçün körfəzdəki adalar məsələsini ortaya atıb”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin