Makron necə “Le Pen”ə çevrildi – Fransadakı etirazlar nə vəd edir?

Hazırda oxunan: Makron necə “Le Pen”ə çevrildi – Fransadakı etirazlar nə vəd edir?

144210

Fransada bir neçə gündür davam edən etirazların artıq idarəolunmaz forma aldığı və aksiya iştirakçılarının sosial kütləsinin gücləndiyi müşahidə olunur. Polis və etirazçılar arasında küçə döyüşlərinə şahidlik edən paytaxt Parisdə xaos və hərc-mərclik günbəgün daha da genişlənir.

Ən son Fransa polisinin Makron hökümətini “etirazlara qarşı ciddi tədbir” görməyə çağırması problemin miqyasını gözlər önünə sərən əsas amil hesab oluna bilər.

Fransız polisi iğtişaşlara qarşı etinasız yanaşan Makron hakimiyyətini açıq şəkildə təhdid edir və problemlər həll edilmədiyi təqdirdə özlərinin də etiraza qalxacağını bəyan edir.   

Ekspertlərin fikrincə, Fransadakı etirazlar ilk növbədə ciddi idarəetmə böhranının olduğunu göstərir və bu böhran Makron hakimiyyətinin çoxdandır üzləşdiyi təməl sosial problemlərdən qaynaqlanır.

Onlar hesab edirlər ki, mövcud böhranın əsas səbəbi prezident Emmanuel Makronun uzun müddətdir davam edən sosial problemlərə, ayrıseçkilik və hüquq pozuntularına lazımi reaksiya verməməsi ilə bağlıdır. Pandemiya və sonrakı dönəmdə aktuallaşan sosial problemlər “Sarıjiletlilər” hərəkatının güclənməsinə təkan verib.
Ən son Nael adlı 17 yaşlı ərəb gəncin polis tərəfindən öldürülməsi isə etirazların yeni dalğasının yaranması ilə nəticələnib. 

Artıq fransız xalqı Makronu təkcə sosial problemlərə görə yox, həm də ayrıseçkilik və qeyri-fransız əhaliyə qarşı dözümsüz rəftarına görə tənqid edir. Təsadüfi deyil ki, fransızların gözündə Makron 2022-ci il seçkilərindəki əsas rəqibi, ultra sağçı Marin le Penlə eyniləşdirilir.

Miqrantlara və qeyri-fransız əhaliyə qarşı sərt çıxışları ilə gündəmə gələn Le Pen o dövrdə Fransada Makronla müqayisədə daha qorxulu seçim hesab olunurdu. Lakin bugünki reallıq Le Pen və Makron arasındakı sərhəddin çoxdan aşıldığını göstərir. Artıq fransızlar üçün kimin ultra sağçı, kimin faşist, kimin isə demokrat olduğu qeyri-müəyyəndir. 

Makronun seçki dövründə verdiyi vədlərə əməl etməməsi, əksinə sosial problemlərin daha da dərinləşməsi, qeyri-fransız əhaliyə qarşı rəftarın kəskinləşməsi etirazları gücləndirən digər səbəblər sırasındadır.

Bununla yanaşı küçələrdə toqquşmaların hökm sürdüyü bir zamanda Makronun əyləncə məclislərində görüntülənməsi fransızlara ərəb ölkələrinə xas diktatorları xatırladır. Uzun illərdir digər ölkələrində tənqid etdikləri səriştəsiz idarəetmə, hüquq pozuntuları, ayrıseçkilik və sosial problemlərlə üzləşmək fransız xalqı üçün ciddi sosial travmaya çevrilib. Bütün bu problemlərin səbəbkarı olan Makron isə haqlı olaraq “düşmən” elan edilib.

Makron hakimiyyətinin daxili problemlər əvəzinə, xaricə fokuslanması, Ukrayna müharibəsinə ciddi dəstək ayırması və Cənubi Qafqazda “hüquq müdafiəçiliyi”nə cəhd göstərməsi ziddiyyətli səbəblərdən bir digəridir.

Özünü ölkə prezidentindən daha çox xarici işlər naziri, səfir və ya diaspor rəhbəri kimi aparan Makron daha ciddi problemləri gözardı etməklə böhrandan yaxa qurtaracağını düşünür.

Lakin Makron hakimiyyətinin mövcud böhrandan hər hansı çıxış ssenarisinə malik olmadığı müşahidə olunur. Fransız xalqı hər şeyin səbəbkarı kimi qiymətləndirdiyi Makronun istefasını tələb edir.

İstefa verməyi ağlına belə gətirməyən Makron isə heç bir həll variantı təqdim etməməklə problemin daha böyüməsində və dərinləşməsində maraqlı görünür. Onun bu cür davranışlarının təkcə öz hakimiyyəti üçün deyil, bütövlükdə Fransa cəmiyyəti üçün ciddi təhlükə törətdiyi isə acı reallıqdır.
Əhalisinin 1/5-i qeyri-fransızlardan ibarət bir ölkədə ayrıseçkiliyə rəvac verən, sosial problemləri dərinləşdirən addımlar atmağın yaratdığı təhlükələr isə hər kəsə aydındır. 

Rəvan Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin