Rusiyanın Ukraynada vuruşan və Putinin yaxın adamı Yevgeni Priqojinin rəhbəri olduğu hərbləşdirilmiş özəl “Vaqner” qrupu artıq bu ölkədə vətəndaş müharibəsinin alovlanmasının əsasını qoyub. Belə ki, Rusiya ordusu tərəfindən “Vaqner” dəstələrinin vurulmasını Priqojin həzm edə bilməyərək, öz dəstələrini cəbhədən çıxarıb, Moskvaya doğru istiqamətləndirib.
Artıq onun dəstələrinin Rostovda olduğu bildirilir. Yaranmış vəziyyətdə Kreml hərbi texnikanı Moskva şəhərinə çıxarmağa məcbur olub. Putin televiziyada çıxışında qiyam qaldıranları Vətənə xəyanətdə ittiham edib.
“Vaqner”in rəsmi hesabından edilən paylaşımda Putinin bu açıqlamasına cavab olaraq Rusiya liderinin yanlış tərəfdə yer aldığı və tezliklə ölkənin yeni Prezidentinin olacağı qeyd olunub.
Görəsən, Rusiyada nə baş verir və başlanan qiyam necə yekunlaşacaq?
Bizim.Media-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirir ki, Priqojinin addımları gözlənilən idi, amma bu bir qədər tez baş verdi:
MÖVZU İLƏ BAĞLI:
“Vaqner”lə rus ordusu arasında döyüş BAŞLADI – VİDEO
“Putinin yürütdüyü siyasət Rusiyanı məhvə aparır. Hərbçilər Putinin bu siyasətilə razılaşmır. “Vaqner” muzdlu dəstədir. Onların maddi maraqlarının təminatında problemlər var. Eyni zamanda, onların gördüyü işləri Şoyqu öz adına çıxır. Bu isə Priqojini qane etmir. Rusiyada bundan öncə də həddən artıq narazılıq yaradan hərbçilər vardı. Onlar Putinin Rusiyanın maraqlarını satdığını gündəmə gətirmişdilər. Belə vəziyyətdə Priqojinin addımları açığı gözlənilən idi.
Amma bir qədər tez baş verdi və onun tez baş verməsi Rusiyada böyük faciələrə gətirib çıxaracaq. Artıq Vaqnerlə rus ordusu Rostovda üz-üzə gəlib. Qan tökülüb, vətəndaş müharibəsinin başlanması üçün zəmin yaranıb. Rusiyanın vaxtilə başqa ölkələrə tətbiq etdiyi situasiya indi öz başına gəlir. Rusiyanın bunun altından çıxması çətin məsələdir. Priqojinə cinayət işi qaldırılıb. İkinci Dünya savaşından sonra ikinci dəfədir ki, Moskva küçələrinə hərbi texnika yeridilir”.
Ekspertin fikrincə, hadisə Rusiya kimi böyük dövlət üçün siyasi ölüm deməkdir:
“Bir dövlətin paytaxtına hərbi texnika yeridilirsə, bu artıq qorxaqlıq əlamətidir. Görünən odur ki, 25 minlik muzdlunun qarşısında Rusiya ordusu heç nə edə bilməyəcək. Bu təkcə vətəndaş müharibəsilə nəticələnməyəcək, eyni zamanda, Rusiyanın Ukraynada işğal etdiyi ərazilərin əlindən çıxması ehtimalı da böyükdür. Ola bilər ki, dünya SSRİ-dən sonra, ikinci böyük bir dövlətin, Rusiyanın siyasi ölümünü görə bilsin”.
Qeyd edək ki, ''Vaqner'' hərbi təşkilatı gecə saatlarında Ukraynadakı mövqelərini tərk edərək Rusiya ərazisinə daxil olub. Təşkilatın rəhbəri Yevgeni Priqojin bu addıma səbəb kimi ''Vaqner''in düşərgələrinə raket hücumunun həyata keçirilməsini göstərib.
Priqojin hücumun Rusiya MN-nin bölmələri tərəfindən edildiyini yazıb. Rusiya MN isə bu iddianı təkzib edib. Rusiya Baş Prokurorluğu tərəfindən Priqojinə silahlı üsyana təhrik maddəsi ilə cinayət işi açılıb.
Bu gün səhər saatlarında isə Rostov şəhəri və Cənub Hərbi Dairəsi Qərargahı “vaqnerçi”lər tərəfindən ələ keçirilib.
Hazırda Voronej istiqamətində Rusiya ordusu ilə “vaqnerçi”lər arasında döyüşlər gedir. Hər iki tərəfdən canlı və texnika itkilərinin olduğu bildirilir.
Rüfət Sultan, Bizim.Media