Xurşidbanu Natəvanın “Gül dəftəri” UNESCO-nun Beynəlxalq Reyestrinə SALINDI - FOTO/ÖZƏL

Hazırda oxunan: Xurşidbanu Natəvanın “Gül dəftəri” UNESCO-nun Beynəlxalq Reyestrinə SALINDI - FOTO/ÖZƏL

136732

Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi tərəfindən verilən məlumata əsasən 2023-cü il 18 may tarixində UNESCO İcraiyyə Şurasının 216-cı sessiyası zamanı ölkəmiz tərəfindən Dünya Yaddaşının Beynəlxalq Reyestrinə (Memory of the World International Register) salınması üçün 2022-2023-cü illər üzrə təqdim olunan “Xurşidbanu Natəvanın “Gül dəftəri” – illüstrasiyalı şeirlər albomu” (“Flower Book” of Khurshidbanu Natavan – album of illustrated verses) adlı nominasiya İcraiyyə Şurası tərəfindən qəbul olunub.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, qaydalara əsasən, Beynəlxalq Məşvərət Komitəsi tərəfindən təsdiq olunan siyahı UNESCO İcraiyyə Şurasının sessiyasına müzakirə və təsdiq üçün təqdim olunur.  

Beləliklə, nominasiyalar müvafiq bəndin İcraiyyə Şurasının 216-cı sessiyası zamanı qəbul olunduqdan sonra reyestrə salınmış hesab olunurlar. 

UNESCO tərəfindən tərtib olunan və nominasiyaların qısa təsvirini ehtiva edən sənəddə 19-cu əsr Avropasında qadın yazıçıların kişi təxəllüslərindən istifadə etdikləri bir vaxtda Xurşudbanu Natəvan İslam Şərqində yerləşən ölkədə ədəbi məclisin sədri kimi təsvir olunur. Qarabağ xanlığının son varisi hesab olunan Natəvanın, mükəmməl savada və təhsilə sahib olduğu qeyd edilir.  

Natəvanın şəxsiyyəti Azərbaycan qadının fenomeni kimi təqdim olunur. Natəvanın Azərbaycanın ictimai həyatına və mədəni inkişafına verdiyi töhvəsi xüsusi qeyd edilir. Onun “Gül dəftəri”nin Dünya Yaddaşının Beynəlxalq Reyestrinə salınması ölkəmizin Qarabağ bölgəsinin 19-cu əsrə aid irsinin UNESCO və üzv ölkələr tərəfindən yüksək səviyyədə qiymətləndirilməsinin göstəricisidir. 

Qeyd olunmalıdır ki, nominasiyamızın müəllifi Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasının alimi Nigar Babaxanovadır.

Qeyd edək ki, X.Natəvanın “Gül dəftəri”ndən üç rəsm əsəri 2023-cü il 21 mart tarixində UNESCO-nun mənzil-qərargahında Beynəlxalq Frankofoniya Günü çərçivəsində təşkil olunan sərgidə Daimi Nümayəndəliyimiz tərəfindən nümayiş etdirilib. 

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin