Brüssel və Kişinyov görüşlərindən nə gözlənilir? – POLİTOLOQUN ŞƏRHİ 

Hazırda oxunan: Brüssel və Kişinyov görüşlərindən nə gözlənilir? – POLİTOLOQUN ŞƏRHİ 

135775

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşünün ardınca hər iki ölkə liderləri İlham Əliyevlə Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin arasında Brüssel görüşü keçiriləcək. Ardınca hər üç liderin iyunun 1-də Kişinyovda keçiriləcək Avropa Siyasi İcması sammiti çərçivəsində Almaniya Kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makronla görüşü planlaşdırılıb. 

Bu fonda görəsən, Brüssel və Kişinyov görüşlərindən hansı nəticələr hasil ola bilər? 

Bizim.Media-ya açıqlama verən Politoloq Tofiq Abbasov Brüssel və Kişinyov görüşlərində hansısa bir dönüşün olacağını gözləmir. 

O bildirir ki, Ermənistan hakimiyyəti sülhün əldə edilməsinə hazır deyil:

“Nəticələrin olmaması ilk növbədə Ermənistanın danışıqlar prosesində tutduğu mövqe və onu çökdürmək cəhdindən irəli gəlir. Ermənistanın proseslə bağlı dəqiq planı və hazırlığı yoxdur. Paşinyan belə bir hazırlıqda maraqlı deyil. O, hakimiyyəti itirməkdən qorxur. Bilir ki, sülh müqaviləsinə getsə, ya devirəcəklər, ya da ona qarşı terror təşkil edəcək, onu ömürlük qatil və satqın adlandıracaqlar. Ona görə də Paşinyanın proseslə bağlı strategiyası yoxdur, sadəcə yüngül taktikası var. Bu da nə etsə də, danışıqlarda nəticənin alınmamasına hesablanmış pozucu bir taktikadır. Bu mənada Vaşinqton, Brüssel, hətta Moskva çalışsa da, görünən odur ki, Paşinyan məsələnin ərsəyə gəlməsini istəmir”. 

Politoloq qeyd edir ki, hələlik mövcud gedişat Paşinyanı qane edir:

“Amma bu sonadək gediləsi taktika deyil. Siyasətdə strateji xətt yoxdursa, taktika əvvəl-axır strategiyası olana təslim olur. Bunu Ermənistanın aqibətində gördük. Onlar diz çökdülər. İndi Fransa, İran, Hindistandan silah almaqla düşünürlər ki, əks hücuma keçə bilərlər. Amma ermənilər nə qədər silahlansa da, Azərbaycan qarşısında duruş gətirmələri “sıfıra” bərabərdir. 

Odur ki, Brüssel və Kişinyov görüşlərindən hansısa bir dönüş gözləmirəm. Paşinyan yuxarıda dediyim taktikanı qüvvədə saxlayacaq. O, yalnız hakimiyyətinin təhlükəsizliyindən əmin olacağı təqdirdə, bəlkə də ağıla gəlib sülh istiqamətində nəsə etsin. İndilikdə isə bu hiss olunmur”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin