ÜST pandemiyanın bitdiyini ELAN ETDİ – Bəs ölkəmizdə karantin rejimi nə vaxt ləğv olunacaq?

Hazırda oxunan: ÜST pandemiyanın bitdiyini ELAN ETDİ – Bəs ölkəmizdə karantin rejimi nə vaxt ləğv olunacaq?

134662

Artıq dünya ölkələri xüsusi karantin rejimindən COVID-19-un digər yoluxucu xəstəliklərlə birlikdə idarə olunduğu stabil mərhələyə keçə bilərlər. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus deyib. O, COVID-19 pandemiyasının artıq ictimai səhiyyədə beynəlxalq fövqəladə hal olmadığını bildirib. Bununla da pandemiyanın dünyada sona çatdığı öz rəsmi təsdiqini tapıb. 

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini Aydın Əliyev hesab edir ki, ÜST-ün bu bəyanatı gecikmiş qərardır: 

“Pandemiya artıq aylardır ki, sonlanıb. Amma ÜST bütün dünyadakı epidemik vəziyyəti izlədiyinə görə bir qədər gec qərar verib. Ola bilsin ki, bəzi ölkələrdə pandemiya indi sonlanıb.

Yəqin buna görə ÜST-ün bəyanatı bir qədər gecikmiş addım kimi görünür. 

Azərbaycanda isə COVİD-19 statistikasına baxarkən maraqlı mənzərəni görürük. Son günlər sutka ərzində yoluxanların 10 faizindən çoxunun öldüyü göstərilir.Məsələn, 46 yoluxmaya 5 ölüm, 28 yoluxmaya 3 ölüm. Mənim bu məlumatlara şübhəm var. Çünki, bizdə ölüm sayının və faizinin artdığı bir vaxtda ÜST deyir ki, pandemiya sona çatıb. Belə bir gülməli vəziyyət yaranıb bizdə. Nəzərə alaq ki, yoluxmanın pik vaxtlarında ölüm halları heç 10-12 faiz olmurdu”.  

Aydın Əliyev bu rəqəmlərə şübhəsini gizlətmir: 

“Əgər müvafiq qurumlar bunun doğruluğunu iddia edirsə, qoy onda bunu sübut etsinlər. Təsdiq materiallarını, protokolları ortaya qoysunlar. Eləcə də, xəstəliyin gedişinin müayinəsini, xəstənin dünyasını dəyişməsindən sonra patoloji-anomotik müayinəni elan etsinlər. Bütün orqanlardan nümunələr götürülüb araşdırılmalıdır. Yalnız bu halda sübut edilə bilinər ki, xəstə COVİD-19-dan dünyasını dəyişib.  

Ola bilsin ki, xəstə paralel olaraq ağır şəkərli diabetdən, qara ciyərdən, böyrək çatışmazlığından, ürək çatışmazlığından, onkoloji xəstəlikdən və sairdən əziyyət çəkirmiş. Və təsadüfən həmin xəstənin COVİD-19 testi də müsbət çıxıb. Belə vəziyyətdə demək olmaz ki, xəstə pandemiyadan dünyasını dəyişib”. 

Həkim ölkəmizdə karantin tədbirlərinin davam etməsi məsələsinə də toxunub:  

“Azərbaycanda heç bir karantin tədbirinə ehtiyac yoxdur. Pandemiya ölkəmizdə  öz ömrünü çoxdan başa vurub. Pandemiyanı əsas gətirib insanların hüquq və azadlıqlarını məhdudlaşdırmağa heç bir tibbi-elmi, epidemik, pandemik əsas yoxdur”. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin