Azad edilmiş ərazilərin minalardan təmizlənməsi Xorvatiyada müzakirə edilib - FOTO 

Hazırda oxunan: Azad edilmiş ərazilərin minalardan təmizlənməsi Xorvatiyada müzakirə edilib - FOTO 

134364

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanovun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 3-5-də Xorvatiyanın Voditsa şəhərində keçirilən minatəmizləmə üzrə 19-cu beynəlxalq simpoziumda iştirak edir. 

ANAMA-dan Bizim.Media-ya bildirilib ki, nümayəndə heyətinin tərkibi Azərbaycan Respublikası Prezidentinin Administrasiyanın əməkdaşı, azad edilmiş ərazilərin bərpa və yenidənqurması üzrə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Katibliyinin rəhbərinin müavini Sultan Hacıyev, ölkəmizin Xorvatiyadakı səfiri Anar İmanov, eləcə də ANAMA və səfirliyin rəsmilərindən ibarətdir. 

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti, ölkəmizin Xorvatiyadakı səfirliyi tərəfindən aidiyyəti üzrə təşkil edilən ikitərəfli görüşlərdə iştirak edib. 

Xorvatiyanın Daxili İşlər Nazirliyi Mülki Müdafiə Baş İdarəsinin rəhbəri Damir Tratın rəhbərlik etdiyi görüşlərdə ANAMA və Xorvatiyanın müvafiq qurumları arasında faydalı əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də uzun illər mina təhlükəsi ilə mübarizə aparan bu ölkənin Azərbaycanda icra edilən minatəmizləmə əməliyyatlarına mümkün dəstəyi müzakirə olunub. 

Səfər çərçivəsində, Humanitar Minatəmizləmə üzrə Cenevrə Beynəlxalq Mərkəzi (GİCHD) nümayəndələri ilə keçirilən görüşdə Azərbaycanın humanitar minatəmizləmə sahəsindəki təcrübəsinin digər ölkələrdə tətbiqinə və bu sahədə əməkdaşlığın davam etdirilməsinə maraq ifadə edilib. 
Minatəmizləmə sahəsində bilik və təcrübə mübadiləsi platforması olan Cənub-Şərqi Avropa Minalardan Təmizləmə üzrə Koordinasiya Şurası (SEEMACC) ilə görüşdə müharibədən zərərçəkmiş üzv ölkələrlə qarşılıqlı əməkdaşlığın əhəmiyyəti və fəaliyyətinin inkişaf etdirilməsi vurğulanıb. Həmçinin Macarıstan Minatəmizləmə Mərkəzinin (HUNMAG) direktoru ilə keçirilən görüşdə bu sahədə mümkün tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. 

Dünyanın müxtəlif ölkələrinin iştirak etdiyi simpozium davam edir. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan minatəmizləmə və yenidənqurma işlərinə dair təqdimatın mayın 5-də keçirilməsi nəzərdə tutulub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin