ATƏT PA-nın Büro iclasında Laçın yolundakı buraxılış məntəqəsinin zəruriliyi AÇIQLANDI

Hazırda oxunan: ATƏT PA-nın Büro iclasında Laçın yolundakı buraxılış məntəqəsinin zəruriliyi AÇIQLANDI

132526

Aprelin 24-də ATƏT Parlament Assambleyasının (PA) Kopenhagendə Büro iclası keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin rəhbəri, qurumun İqtisadiyyat və Ekologiya Komitəsinin sədri Azay Quliyev Azərbaycanın Laçın yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin təsis edilməsi, belə bir qərarın qəbul olunmasının səbəbləri və nəticələri barədə ATƏT PA-nın Büro üzvlərini məlumatlandırıb.

Ermənistan-Azərbaycan sərhədində, Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin quraşdırılmasını zəruri edən amilləri sadalayan Azay Quliyev bildirib ki, Ermənistan son 3 ilə yaxındır 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın bəndlərini kobud şəkildə pozaraq Laçın yolundan sistemli şəkildə sui-istifadə edib:
“Ermənistan Azərbaycanın ərazisində hələ də qanunsuz olaraq saxladığı silahlı birləşmələrin rotasiyasını həyata keçirib, Laçın yolu vasitəsilə qanunsuz silah və sursat daşıyıb, terrorçuların və sabotaj qrupu üzvlərini Qarabağa gətirib, Azərbaycanın təbii ehtiyatlarının və mədəni sərvətlərinin talanması və xaricə satılması məqsədilə istifadə edib. Həmçinin Laçın yolu Ermənistan tərəfindən minaların və partlayıcı maddələrin Azərbaycana gətirilməsi və azərbaycanlıların öldürülməsi üçün istifadə edilib. Təkcə 2022-ci ilin avqust ayından bəri Azərbaycan ərazisində Ermənistanın istehsal etdiyi 2700 piyadalar əleyhinə mina basdırılıb. Son iki ildə 294 azərbaycanlı mina partlayışının qurbanı olub”.

Azay Quliyev Büro üzvlərinin diqqətinə çatdırıb ki, sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulmasının çox böyük faydası olacaq və bununla, mövcud problemlərin hamısı həll olunacaq.

İlk növbədə, Laçın yolunda hərəkətin şəffaflığı təmin olunacaq, Azərbaycan bütün ərazisində milli təhlükəsizliyini, suverenliyini və qanunun aliliyini təmin edəcək. Eyni zamanda, Azərbaycan üçtərəfli Bəyanata uyğun olaraq Laçın yolu üzərindən hər iki tərəfə vətəndaşların və nəqliyyatın təhlükəsizliyinə zəmanət verəcək. Ölkəmiz beynəlxalq hüquqa uyğun olaraq ərazisinə qanunsuz giriş və çıxışların, xüsusilə yuxarıda qeyd olunan sui-istifadələrin qarşısı alınacaq.

Azay Quliyev əminliklə bildirib ki, Ermənistan-Azərbaycan sərhədində, Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin quraşdırılması hazırda mövcud olan problemləri kökündən həll edəcək.

ATƏT PA qeyd olunan müsbət dinamikanı nəzərə almalı və Azərbaycan Ermənistan arasında sülh sazişinin imzalanmasına töhfə verməlidir.

Qeyd edək ki, bu gün Büro ATƏT PA-nın fəaliyyətini, qurumun Siyasi məsələlər və təhlükəsizlik, İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit, demokratiya, insan haqları və humanitar məsələlər üzrə komitələrinin hesabatları və qətnamə layihələrini müzakirə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin