Türkiyəli general: "İran Azərbaycana hücum edərsə, qarşısında Türkiyəni görəcək, bu isə onların sonu olacaq"

Hazırda oxunan: Türkiyəli general: "İran Azərbaycana hücum edərsə, qarşısında Türkiyəni görəcək, bu isə onların sonu olacaq"

128721

"Azərbaycan 28 ildən sonra Qarabağda keçirdiyi hərbi əməliyyatla öz torpaqlarını Ermənistanın işğalından azad etdi. Bu vəziyyət Cənubi Qafqazda yeni geosiyasi nizamın formalaşmasına səbəb oldu. Yəni, Azərbaycan dövləti ilk növbədə Cənubi Qafqazda gücləndi. Artıq İranın Qarabağa girib-çıxması Azərbaycanın nəzarətindən və icazəsindən asılıdır. Bu səbəbdən də İran Azərbaycanı hədələməyə başlayıb".  

Bizim.Media xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında Türkiyə Hava Qüvvələri Akademiyasının rəhbəri, ehtiyatda olan general-mayor Kürşat Atılgan bildirib.  

Türkiyəli general deyib ki, 44 günlük Vətən savaşı qələbəsindən sonra Güney Azərbaycanda millətçilik hissləri daha da güclənib: 

"Eyni zamanda Türkiyə-Azərbaycan əlaqələri daha da dərinləşib, möhkəmlənib və güclənməkdə də davam edir. Qarabağ tam alındıqdan və Zəngəzur dəhlizi açıldıqdan sonra Türk dünyası ilə əlaqə xeyli güclənəcək. Bundan əlavə, Xəzər dənizi neftinin bölüşdürülməsi və kəşfiyyat işlərinə İran və Azərbaycanın fərqli yanaşmaları, Türkiyənin bu məsələdə Azərbaycanı qətiyyətlə dəstəkləməsi İranın Azərbaycan-İsrail münasibətlərini bəhanə edərək daim olaraq Azərbaycanı hədələmək zorakılığını artırır. O, bu təhlükəni de-fakto hücuma çevirəcəkmi? İranın məqsədi və niyyəti bu olsa da, buna nail olmaq imkanları son dərəcə məhduddur. Amma Azərbaycan öz təhlükəsizliyini başqasının niyyətindən asılı edə bilməz. Bu səbəbdən də öz hərbi imkanlarını düşmənin niyyətindən çəkindirəcək səviyyəyə çatdırmalıdır.  

Həmçinin, Türkiyə-Azərbaycan əlaqələri və strateji əməkdaşlığı daha da inkişaf etdirməlidir. Türk dünyası ilə daha konkret layihələrlə əməkdaşlıq sahələri inkişaf etdirilməlidir. Türk dünyası dünya güc balansında öz yerini tutmaq üçün mühüm bir güc mərkəzi kimi inkişaf edərsə, nə İran, nə də başqa bir dövlət Azərbaycanı təhdid edə bilməz. Nəhayət, Türkiyə hər cür şəraitdə Azərbaycanın yanında olacaq". 

Kürşat Atılgan qeyd edib ki, ümumiyyətlə, İsrail-Azərbaycan münasibətləri İran üçün bəhanədir, Tehran hakimiyyətinin dərdi Azərbaycanın Qarabağdakı qələbəsidir: 

"Azərbaycan daim bəyan edir ki, öz ərazisindən heç bir ölkəyə qarşı istifadəyə icazə verməyəcək. Amma İran israr edir ki, İsrail Azərbaycan ərazisindən mənə hərbi hava hücumu təşkil edəcək və sair. Bu, sadəcə İranın dəyişilməz bəhanəsidir. Ümumiyyətlə, İranın hədə-qorxu gəlməkdən başqa əlindən bir iş gəlmir. Neçə illərdir ki, İran İsraili yox edəcəyi ilə bağlı hədələyir, amma indiyədək bir dəfə cəsarət edib, İsrailə raket atmayıb. İran qardaş Azərbaycana hücum etməyə cəsarət etməz. Çünki yaxşı bilir ki, bu baş versə, qarşısında Türkiyəni görəcək. Bu isə İranın bir dövlət kimi sonu olacaq". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin