Supergüclərin Qara dənizdəki TOQQUŞMASI – ABŞ ordusu Ukraynadakı savaşa daxil olur?

Hazırda oxunan: Supergüclərin Qara dənizdəki TOQQUŞMASI – ABŞ ordusu Ukraynadakı savaşa daxil olur?

125635

Pentaqonun martın 14-ü axşam saatlarında yaydığı məlumat dünya siyasi gündəminin diqqətini Qara dənizə çevirməyi bacardı. Belə ki, Rusiyaya məxsus iki qırıcı təyyarə beynəlxalq hava məkanında ABŞ dronunun qarşısını kəsməyə çalışıb.

ABŞ-ın Avropa komandanlığının mməlumatında isə bildirilib ki, “rusların təhlükəli və qeyri-peşəkar davranışları” dronla qırıcı təyyarələrdən birinin toqquşmasına səbəb olub.

Onsuz da münasibətləri son dərəcə gərgin olan iki supergüc arasında baş verən insidentin Ukraynada müharibənin seyrinə təsiri daha çox müzakirə olundu. Hadisədən bir neçə saat sonra Rusiyanın okeanın o tayındakı səfiri ABŞ Dövlət Departamentinə çağrıldı. 

Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda isə bunlar qeyd olunub:

“Pilotsuz uçuş aparatı aşkar edildikdən sonra Rusiyanın növbətçi hava hücumundan müdafiə qüvvələrinin qırıcıları havaya qaldırılıb. Qəfil manevr nəticəsində ABŞ pilotsuz uçuş aparatı hündürlüyü itirərək nəzarətsiz uçuşa keçib və dənizə düşüb. Rusiya qırıcıları ABŞ dronuna qarşı silahdan stifadə etməyib, onunla təmasda olmayıb, sağ-salamat aerodroma qayıdıb".

Bəs, bu toqquşma ABŞ-ın Rusiyaya qarşı siyasətində aqressivliyi daha da artıra bilərmi?

Mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəylinin sözlərinə görə, iki ölkənin bir-birinə qarşı hibrid müharibə arsenalı hələ tükənməyib:

“Yəni, tərəflər bir-birlərinə qarşı, digər güclərin vasitəsilə fərqli coğrafiyalarda savaşa bilirlər. Məsələn Ukraynada, Yaxın Şərqdə, Aralıq dənizində bunun şahidi oluruq. Ona görə də, Qara dəniz üzərində baş verən toqquşmadan sonra iki ölkə bilavasitə bir-birinə qarşı savaşası deyil. Bu, sadəcə olaraq, hibrid müharibəyə yeni elementlər gətirir, bir-birinə qarşı manevrləri artırır. Bunu tərəflərin hadisə ilə bağlı açıqlamalarında da gördük. Həm Rusiya, həm də ABŞ-ın bəyanatları informasiya müharibəsinə səbəb ola biləcək açıqlamalardır, yəni söhbət hərbi münaqişədən getmir”.

Əziz Əlibəyli bu cür hadisələrin gələcəkdə də çox ola biləcəyini vurğulayıb:

“Vaxtaşırı belə durumların şahidi olacağıq. Lakin Qara dəniz üzərində baş verənlər öz-özlüyündə dünyanın “ürəyini ağzına gətirən” proseslərdir. Buna rəğmən açıqlamalardan da göründüyü kimi, isti toqquşmalara gətirib-çıxara biləcək hadisə deyil”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin