BMT-də Ermənistanın sərvətlərimizi talan etməsi məsələsi qaldırıldı

Hazırda oxunan: BMT-də Ermənistanın sərvətlərimizi talan etməsi məsələsi qaldırıldı

125445

BMT-nin İnsan Hüquqları Şurasının 52-ci növbəti sessiyasında Azərbaycanın təbii sərvətlərinin Ermənistan şirkətləri tərəfindən qeyri-qanuni olaraq istismar və talan edilməsi barədə məsələ gündəmə gətirilib.

Bizim.Media xəbər verir ki, toplantıda çıxış edən Dayanıqlı İnkişaf Məqsədlərinin Gənclər Parlamentinin (YPSDG) vitse-prezidenti Julia Rosso bildirib ki, Azərbaycanın vaxtilə işğal olunmuş ərazilərində qızıl yataqlarının və digər təbii sərvətlərinin irimiqyaslı qanunsuz istismarı aparılıb.

Diqqətə çatdırıb ki, Ermənistan şirkətləri və xaricdən dəvət olunmuş şəxslər tərəfindən Azərbaycanın təbii sərvətləri intensiv şəkildə talan edilib.

Bu isə havanın, suyun, torpağın çirkləndirilməsinə, meşələrin qırılmasına, biomüxtəlifliyin pozulmasına və yaşayış mühitinin itirilməsinə gətirib çıxarıb.
YPSDG rəsmisi vurğulayıb ki, bu istismar qeyri-qanuni olduğuna və beynəlxalq tələblərə uyğun gəlmədiyinə görə daha da ciddi şəkil alıb, çünki ətraf mühitə dəyən ziyan regionun nadir ekosistemi zədələyib.

Məruzəçi xatırladıb ki, vaxtilə mühafizə olunan ərazilərə 30 illik işğal dövründə xeyli ziyan dəyib, bu da orada məskunlaşan növlərin mühitinə mənfi təsir edib. Buna misal olaraq Zəngilan rayonundakı nadir çinar meşəsinin qırılması göstərilib. 

Zəngilandakı çinar meşəsinin vaxtilə dünyanın ikinci, Avropanın isə ən böyük meşəsi sayıldığına diqqəti çəkən məruzəçi bu ərazinin məhv edilməsini ekoloji terrorun daha bir əlaməti adlandırılıb.

Bildirilib ki, Qarabağda “ekosid” kimi səciyyələndirilən və cinayət məsuliyyəti tələb edən ekosistemin kütləvi şəkildə məhvi baş verib. 

“Ermənistan tərəfinin Azərbaycanın təbiətinə qarşı nümayiş etdirdiyi düşmən münasibəti nəinki Azərbaycanın ekoloji tarazlığına, flora və faunasına ciddi təhlükə yaradır, digər təxribat xarakterli hərəkətlərlə yanaşı, daha da nifrət doğurur, bölgədə sülh və təhlükəsizliyə ciddi təhlükə yaradır”, - deyə Julia Rosso əlavə edib.
YPSDG-nin vitse-prezidenti münaqişədən sonrakı ərazilərə diqqətlə yanaşmağa, başqa dövlətin ərazi bütövlüyü prinsiplərini pozan davranışı dəyişməyə, ərazisi işğal altında olan dövlətin daşınar və daşınmaz əmlakının məhvini qadağan edən bir sıra konvensiya və qətnamələrə, BMT-nin ətraf mühit standartına riayət olunmasına çağırış edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin