ABŞ-ın Florida ştatının cənubunda yerləşən Hallandeyl-Biç (Hallandale Beach - Red) şəhərinin meri Coy Kuper 2021-ci ilin 26 fevral tarixini Xocalı soyqırımının anım günü elan edib.
Bizim.Media xəbər verir ki, bu barədə Florida Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının prezidenti Töhfə Eminova məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Sarkisyanın Xocalı cinayətləri barədə etirafı İtaliya qəzetində
T. Eminova bildirib ki, şəhər meri Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar qəbul etdiyi bəyanatda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi qırğın nəticəsində 600-dən çox günahsız vətəndaşın, o cümlədən qadınların və uşaqların öldürülməsindən danışılır.
Sənəddə qeyd edilir ki, “Human Rights Watch” beynəlxalq hüquq müdafiə təşkilatının dəlillərinə əsasən, Xocalı soyqırımı regionda ən böyük hərbi cinayətdir.
Xocalı hadisələrinin dəhşətli itkilərdən xəbər verdiyi, habelə bütün dünyada insanların bir-birini daha yaxşı başa düşməsinin və onların tolerantlığının vacib olduğunu göstərdiyi üçün Hallandale Beach şəhərinin meri Coy Kuper 2021-cı il fevralın 26-nı Hallandale Beach şəhərində Xocalı soyqırımının anım günü elan edir.
T. Eminovanın sözlərinə görə şəhər meri Xocalı soyqırımını faşistlər tərəfindən yəhudilərə qarşı törədilən Holokost faciəsinə bənzədib.
T. Eminova sözügedən bəyanatın Florida Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının şəhər meri ilə sıx əməkdaşlığı nəticəsində qəbul edildiyini deyib.
T. Eminova Kuperin mütəmadi olaraq Azərbaycan icması ilə görüşlər keçirdiyini və ölkəmizlə bağlı əlamətdar günlərin anılmasında yaxından iştirak etdiyini vurğulayıb.
Xatırladaq ki, ABŞ-ın 24-dən çox ştatı, o cümlədən Arizona, Arkansas, Konnektikut, Florida, Corciya, Havay, Aydaho, İndiana, Men, Massaçusets, Minnesota, Missisipi, Montana, Nebraska, Nyu-Cersi, Nevada, Nyu-Meksika, Oklahoma, Pensilvaniya, Tennessi, Texas, Yuta, Qərbi Virciniya, Viskonsin ştatları Xocalı soyqırımını tanıyıb və erməni faşizmini pisləyib.
Bizim.Media