Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə nümayəndəsi Toivo Klaar Xocalıda Azərbaycan hökumətinin nümayəndələri ilə Qarabağda yaşayan ermənilər arasında baş tutan görüşü ümidverici adlandırıb.
Bizim.Media xəbər verir ki, Klaar bu barədə Tvitter paylaşımında qeyd edib.
“Bu gün Xocalıda Bakının nümayəndələri ilə Qarabağ erməniləri arasında təmaslarla bağlı ümidverici xəbərlər gəlir. Müzakirələrin həm hazırki narahatlıqlara, həm də daha geniş məsələlərə fokuslanılması çox yaxşıdır”, - deyə paylaşımda bildirilib.
Qeyd edək ki, Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib.
Martın 1-də Ramin Məmmədov Xocalı şəhərində Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb.
Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov də iştirak edib.
Görüş zamanı Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq, Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb.
Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmasların davam etdiriləcəyi bildirilir.
Bizim.Media