İrəvan-Moskva gərginliyi PİK HƏDDƏ – Ermənistan rus sülhməramlılarına təzyiqlərə başladı

Hazırda oxunan: İrəvan-Moskva gərginliyi PİK HƏDDƏ – Ermənistan rus sülhməramlılarına təzyiqlərə başladı

123191

Rusiya xarici işlər naziri Sergey Lavrovun fevralın 28-də azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə brifinqdə səsləndirdiyi fikirlər Ermənistanda heç də birmənalı qarşılanmayıb.

Belə ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlama verərək, Rusiyanın danışıqlar prosesində moderatorluğun ilə bağlı iradlarını səsləndirib.

Bundan əlavə, Simonyan Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin təməl prinsipləri üzərində konsensusun olduğu qeyd edib. Erməni spiker vurğulayıb ki, Qarabağ məsələsi sülh müqaviləsinin mətnində yer almamalıdır.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq İlqar Vəlizadə rəsmi İrəvanı narazı salan məqamlardan söz açıb:  

“Ermənistan tərəfini narahat edən səbəblərdən biri, Rusiyanın İrəvanın əli ilə Qərb nümayəndələrinin regiona gəlməsindən narazı olmasıdır. Rusiya bunu üçtərəfli razılaşmaların pozulması kimi qiymətləndirir və Aİ missiyasının regionda gərginliyə səbəb olacağını bəyan edir.

Digər tərəfdən, Azərbaycan-Rusiya dialoqu kontekstində rəsmi Bakı Laçın yolunda nəzarət-keçid məntəqələrinin qurulması məsələsini qaldırır ki, bu da Ermənistanı narazı salır. Doğrudur, Lavrov qeyd etdi ki, Rusiya tərəfi hələ bu təklifləri qəbul etmir. Amma proses davam edir və istisna etmək olmaz ki, son nəticədə nəzarət məntəqəsinin yaradılması qərarı veriləcək.

Eyni zamanda Vardanyanın separatçı rejim rəhbərliyindən getməsi, Azərbaycan ekofəallarının Laçın yolundakı aksiyasının davamlı xarakter alması və Rusiya tərəfinin onlara heç bir təzyiq göstərməməsi də Ermənistanı narahat etməyə bilməz”.

İlqar Vəlizadənin sözlərinə görə, Ermənistan haqlı olaraq, Rusiya sülhməramlılarının regionu tərk edəcəyini düşünür:

“Çünki Azərbaycan bunu açıq şəkildə tələb edə bilər. Belə olan halda isə Qarabağda yaşayan ermənilər Azərbaycanla üz-üzə qalacaqlar. Rusiya isə vəziyyətə hər hansı formada müdaxilə etmək iqtidarında olmayacaq. Buna görə də, Ermənistan tərəfi regionda Rusiya sülhməramlılarını beynəlxalq müşahidəçilərlə əvəz etmək istəyir. Moskva isə bunu istəmir. 

Eyni zamanda Rusiyanın regiondakı mövcudluğu müəyyən proseslərlə təsir etməyə imkan verir.

Digər tərəfdən, Moskva 2025-ci ildən sonra belə bölgədə xarici müşahidəçilərin və NATO təsirinin olmasını istəməz. Bölgədə ziddiyyətlər artır və Simonyanın açıqlamaları da məhz bunun göstəricisidir”.

Politoloq Alen Simonyanın Azərbaycan-Ermənistan sülh müqaviləsinin mətni ilə bağlı dediklərinə də münasibət bildirib:

“Qarabağ məsələsinin sülh müqaviləsinin yekun mətnində olmaması Azərbaycanın lehinə sayıla bilər. Amma Simonyan gərək fikir bildirməzdən əvvəl, Ermənistan xarici işlər nazirinin açıqlamalarına da nəzər salsın. Ermənistan tərəfi heç özü də bilmir ki, nə istəyir. Bəlkə də bilirlər, sadəcə olaraq konyuktura xatirinə bunu deyirlər. Real olaraq isə onların sözlərinə inanmaq olmaz. Bu açıqlamanın özü də, ola bilsin ki, Rusiyanı qıcıqlandırmaq mahiyyəti daşıyır.

İstənilən halda real yanaşmaya diqqət yetirmək lazımdır ki, Ermənistan tərəfindən gələn açıqlamalar heç də bundan xəbər vermir”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin