Kahramanmaraş BU GÜN - 7-ci mərtəbədən sağ qurtulan İşık ailəsindən XÜSUSİ REPORTAJ

Hazırda oxunan: Kahramanmaraş BU GÜN - 7-ci mərtəbədən sağ qurtulan İşık ailəsindən XÜSUSİ REPORTAJ

122281

Kahramanmaraşda İşık ailəsi zəlzələ baş verən gündən evlərini tərk edib. 8 mərtəbəli binanın 7- ci mərtəbəsində yaşayan ailənin təbii fəlakət zamanı bəxti gətirib. 

Bizim.Media-ya ailənin xanımı Rümeysa İşık deyir ki, zəlzələ baş verəndə yatılı olublar: 

"İlk anda nə olduğunu başa düşmədik. Evin divarları uçdu. Rəf yoldaşımın üstünə düşdü. Bir təhər oranı tərk edə bildik". 
Ailə üç nəfərdən ibarətdir. Onların qız övladı, 3 yaşlı Hiranur anadan görmə qüsurlu doğulub. Zəlzələdən sonra bir neçə gün küçədə qalıblar. Sonradan Kahramanmaraş bələdiyyəsi onları şəhərin Şəlalə Park adlanan ərazisində çadırla təmin edib. Şəlalə Parkdakı çadır düşərgəsində vəziyyət o qədər də ürəkaçan deyil. Burda insanların yataq dəstinə, su qızdırıcılarına ciddi ehtiyacları var. İnsanlar qıt olan zəruri avadanlıqları növbəli şəkildə işlətmək məcburiyyətindədirlər. 

Ailə başçısı Mehmet İşık şəhər bələdiyyəsində təmizlik işçisidir. O, xəstə uşağına soyuq olmasın deyə gecələr körpəsini paltarlarına bürüyüb yatızdırır. Ümidini üzmür. Deyir ki, hər şey yoluna düşəcək: 

"Bu bəlanı da atladacağıq. Tək əziyyət çəkən biz deyilik. Səbir edib dözməliyik. Əlimizdən başqa heç nə gəlmir. Hər gün Allaha dua edirik ki, bu bəla tezliklə bizdən əl çəksin”.

Kahramanmaraşda çadırla təmin olunmayan insanlar da var. Onların bir qismi şəxsi avtomobillərdə gecələyirlər. Avtomobili olmayanlar isə gecələri ocaq başında keçirmək məcburiyyətindədirlər. 
İşık ailəsi zəlzələdən əziyyət çəkən minlərlə kahramanmaraşlıdan biridir, burada uçqunlar altında isə hələ neçə ailə dramının qaldığını heç kəs təxmin belə edə bilmir. Söküntü işləri isə davam edir...








Elgün Gəncimsoy, Bizim.Media, Türkiyə, Kahramanmaraş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin