Xəbər verdiyimiz kimi, fevralın 14-də Rusiyanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzər xüsusi nümayəndəsi İqor Xovayev Bakıya rəsmi səfərə gəlib. Rusiya rəsmisilə Prezident İlham Əliyev arasında baş tutan görüşdə Cənubi Qafqazdakı vəziyyət, sülh-sabitlik kimi mövzular müzakirə edilib.
Eyni zamanda fevralın 14-də İlham Əliyevin təşəbbüsü ilə Rusiya Prezidenti Vladimir Putinlə də telefon danışığı baş tutub. Dialoq zamanı müzakirə olunan məsələlər sırasında Cənubi Qafqazdakı vəziyyətlə yanaşı, Azərbaycan-Ermənistan sərhədində sabitliyin təmin olunması da olub.
Azərbaycan və Rusiya arasında təmasların intensivləşməsi isə bir sıra ehtimalları gündəmə gətirib. Xüsusilə də, regionla bağlı mühüm proseslərin start götürəcəyi gündəmdədir.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Amid Əliyev ilk növbədə Ermənistanın son zamanlar Qərbə yönələn siyasət yeritməsinin Rusiyanın bölgədəki nüfuzuna ciddi zərbə endirdiyini vurğulayıb:
“Bu səbəbdən də Rusiyanın bir sıra siyasi xadimləri tərəfindən Ermənistanın ünvanına ciddi mesajların verilməsini müşahidə edirik. Bu mesajlar əsasən iki əsas məsələ fonunda daha çox nəzərə çarpır.
Birincisi, Ermənistanın KTMT-nin təhlükəsizlik çətiri altından çıxmaq cəhdləri. İkincisi isə buna cavab olaraq yeni təhlükəsizlik çətirini məhz Aİ hesabına təmin etmək niyyəti. Bu məqsədlə də Aİ yeni missiyasının bölgəyə göndərilməsi istiqamətində ciddi səylər göstərir”.
Politoloqun sözlərinə görə, baş verənlər fonunda Rusiya Ermənistana təsir mexanizmlərini işə salmağa başlayıb:
“Prosesin məntiqi sonluğu kimi isə Rusiya XİN-in xüsusi nümayəndəsi Xovayevin İrəvan səfəri baş tutdu. Heç şübhəsiz ki, Paşinyanla görüşdə ona bir daha KTMT və Aİ missiyası ilə bağlı məsələlər haqqında ciddi və sərt mesajlar verildi”.
Amid Əliyev Xovayevin Bakıya səfərinin məqsədlərindən də söz açıb:
“Rəsmi Moskva artıq növbəti üçtərəfli görüşün keçirilməsi haqqında anonslar verir. Xovayevin də məqsədi görüş öncəsi tərəflərin fikirlərini öyrənmək və əqrəbləri Moskva ilə tarazlaşdırmağa yönəlib. Eyni zamanda çox güman ki, razılaşdırılmayan məqamlar haqqında məsələ də gündəlikdədir.
Görüşdən sonra Azərbaycan tərəfinin təşəbbüsü ilə Putinlə danışıqlar zamanı isə görüş öncəsi Vardanyanın yenidən Xankəndiyə qayıtması, bunun Rusiya sülhməramlıları tərəfindən təşkil olunması və bunun qarşılıqlı etimada zərbə vurması məsələsi qarşı tərəfə çatdırılıb. Eyni zamanda bu məsələnin yenidən siyasi manipulyasiyaya çevrilməsinə Azərbaycan tərəfindən göz yumulmayacağı bildirilib. Əks halda bölgədə çevik hərəkətlilik müşahidə etmək olar və ekoaktivistlərin fəaliyyəti keyfiyyət, eləcə də məzmunca yeni çalarlar ala bilər”.
Politoloq hazırki vəziyyətdə Rusiyanın Azərbaycanın mövqeyindən çıxış etməsinin Kremlin özü üçün olduqca vacib olduğunu qeyd edib:
“Çünki Qərbin Ermənistana aktiv müdaxiləsi fonunda qalib Azərbaycanı dəstəkləməklə Ermənistana qarşı müvafiq planların icrası Rusiyaya müəyyən xallar qazandıra bilər. Əks halda Azərbaycan Rusiya tərəfindən planlaşdırılan yeni siyasi oyunların qarşısını almaq üçün ciddi tədbirlər görməli olacaq.
Ehtimal olunan üçtərəfli görüşdə müzakirə mövzuları olduqca zəngin və vacib olacaq. Rusiya Ermənistana təzyiqləri artırmaqla yanaşı, bölgədə mövcudluğunu təmin etmək üçün Azərbaycanla da bəzi məsələlərdə razılığa gəlməli olacaq”.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Dünya
16:50 / 15.02.2023
Region yeni proseslərin ASTANASINDA - “Rusiya Azərbaycanın mövqeyini dəstəkləməsə...” - TƏHLİL
Hazırda oxunan: Region yeni proseslərin ASTANASINDA - “Rusiya Azərbaycanın mövqeyini dəstəkləməsə...” - TƏHLİL
Hazırda oxunan: Region yeni proseslərin ASTANASINDA - “Rusiya Azərbaycanın mövqeyini dəstəkləməsə...” - TƏHLİL
120606
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.