Ukraynadan oğurlanan silahlar Ermənistana daşınır? – Ekspertlərdən İDDİALARA MÜNASİBƏT

Hazırda oxunan: Ukraynadan oğurlanan silahlar Ermənistana daşınır? – Ekspertlərdən İDDİALARA MÜNASİBƏT

116613

Ukrayna Erməniləri İttifaqının icraçı direktoru Hovakim Arutyunyan sensasion iddialarla çıxış edib. Belə ki, erməni diaspor fəalı Ukraynadan Ermənistana pilotsuz uçuş aparatlarının göndərildiyini bildirib:

“Biz artıq Ermənistana kəşfiyyat məqsədilə istifadə olunan pilotsuz uçuş aparatlarını göndərmişik. Mən təyyarələrlə göndərənləri tanıyıram. PUA-lar Varşava-İrəvan reysi ilə aparılır.

Buradan, Ukraynadan ordumuza çoxlu kömək göndərilir. Təsəvvür edin, bizdə müharibə var. Amma bizim ermənilər Ermənistana kömək edə bilir, Ukrayna tərəfindən vuruşan hərbçilərmiz Ermənistandakı qardaşlarına pilotsuz uçuş aparatları göndərə bilirlər”.

Bəs, bu iddiaların doğruluq payı nə qədərdir? Arutyunyanın açıqlamalarının geniş şəkildə tirajlanması hansı məqsədə xidmət edir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən hərbi ekspert Ədalət Verdiyev Hovakim Arutyunyanın Varşava-İrəvan reysi ilə Ermənistana PUA göndərilməsi iddiaları ilə bağlı araşdırma apardığını, lakin təsdiqlənmiş məlumatlara rast gəlmədiyini bildirib:

“Buna baxmayaraq, biz Tovuz döyüşləri və ondan sonrakı dövrdə, eləcə də Vətən müharibəsi dönəmində Ermənistana qeyri-qanuni silah daşımalarının şahidi olmuşuq. Ona görə də, inddiki halda belə bir ehtimalı istisna etmək üçün heç bir əsasımız yoxdur. 

Bu məsələni Azərbaycanın Ukraynadakı səfirliyi, hərbi attaşemiz diqqət mərkəzində saxlamalıdır. Eyni zamanda xüsusi xidmət orqanlarımız və onların Ukraynadakı həmkarları lazımi araşdırmaları aparmalı, Azərbaycana bununla bağlı ağılabatan açıqlama verilməlidir.
Biz erməni diasporunun bu günə qədər həyata keçirdiyi fəaliyyətləri, o cümlədən Ermənistanın silah almasında oynadığı rolu nəzərə alaraq, belə bir fəaliyyəti əsaslı dəllilər olmadan, istisna etməməliyik. Hər bir məlumat araşdırılmalıdır. Əgər faktlar varsa, ortaya çıxmalıdır və bu işdə əli olan şəxslərin Ukrayna hüquq-mühafizə orqanları tərəfindən cəzalandırılmasına nail olmalıyıq”.

REAL-ın icra katibi, ekspert Natiq Cəfərli isə qeyd edib ki, burada daha dərin məqsədlər və məqamlar var:

“Hovakim Arutyunyanın bu açıqlamasının arxasında Rusiya və İran xüsusi xidmət orqanlarının dayandığı məlum olsa, heç təəccüblənmərəm, xəbəri dövriyyəyə buraxmaqla “bir daşla bir neçə quş” vurmaq istəyirlər: 

1) Azərbaycan xalqında, cəmiyyətində ictimai rəyə təsir göstərmək, Ukrayna xalqının haqlı mübarizəsinə bizim toplumun göstərdiyi dəstəyi sarsıtmaq, Ukrayna əlehinə mənfi rəy formalaşdırmaq, 

2) Daha dərin məsələlərdən biri odur ki, İran və Rusiya Ermənistana gizli yollarla dron, silah ötürürülərsə (məncə, ötürürlər), sabah bu üzə çıxanda, Azərbaycan tərəfi bununla bağlı iradlar bildirməyə başlayanda İran və Rusiya deyəcək ki, bu bizlik deyil, Ukraynalılar bu silahları hərbi qənimət kimi əldə edib Ermənistana ötürüblər”. 

Natiq Cəfərli də bildirib ki, Azərbaycanın əlaqədar dövlət orqanları bu məsələni diqqətlə saxlamalı, Rusiya və İranın belə oyunlarını üzə çıxarmaq üçün çalışmalıdır:

“Azərbaycan tərəfi rəsmi olaraq Ukraynaya da müraciət etməlidir ki, Hovakim Arutyunyanın açıqlamaları araşdırılsın, döyüşən, vuruşan, öz ərazi bütövlüyü üçün qəhramanlıq nümunəsi göstərən Ukrayna ordusunun silahlarını kim və necə oğurlayıb Ermənistana verir – bu məsələ haqında Kiyev araşdırma, hətta cinayət işi başlamalıdır”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin