Çinin Sincan Uyğur Muxtar Bölgəsinin Kelpin mahalında artıq uyğur dilində dərslər keçirilmir.
Bizim.Media trtrussian.com saytına istinadən xəbər verir ki, uyğurların çin dili ilə yanaşı öz dillərində təhsil almaq hüquqları olmasına baxmayaraq rəsmi Pekin buna məhəl qoymur.
MÖVZU İLƏ BAĞLI:
Ayaqqabının içində Çindən gələn gizli mesaj – FOTO
Mənbə yazır ki, beynəlxalq ictimaiyyət müntəzəm olaraq Sincan əyalətində uyğurlara qarşı kütləvi həbsləri, izləmə və digər insan haqları pozuntularını dəlil gətirərək Çin səlahiyyətlilərini tənqid edir.
2020-ci ilin yayında ABŞ-ın sabiq prezidenti Donald Tramp Vaşinqtonun uyğurların və digər müsəlman icmalarının hüquqlarını pozduğuna görə Çin rəsmilərinə və təşkilatlarına qarşı sanksiyalar tətbiq edən qanuna imza atıb.
Qanun aktivlərin dondurulmasını və viza məhdudiyyətlərini nəzərdə tutur.
Bu ilin sentyabr ayında London məhkəməsi vəkil Jeffri Naysın ÇXR-nin Sincan Uyğur Muxtar Bölgəsində Uyğur soyqırımının tanınması iddiasına baxacaq.
Hüquq müdafiəçiləri yaxınlaşan məhkəməni Pekinin insan haqları pozuntularına görə məsuliyyətə cəlb edilməsi üçün vacib bir fürsət kimi qiymətləndirirlər.
Kanada İcmalar Palatasının Beynəlxalq İnsan Hüquqları üzrə Parlament Komissiyası keçən ay Qərbdə ilk dəfə olaraq ÇXR-dəki uyğurlarla bağlı danışarkən "soyqırım" ifadəsini işlədib.
Deputatlar hökuməti Pekinə qarşı sanksiyalar qəbul etməyə çağırıblar.
Şərqi Türküstan kimi tanınan ÇXR-nin Sincan Uyğur Muxtar Bölgəsində 11 milyon uyğur və digər türk xalqları yaşayır.
Dünya mediası və çoxsaylı insan haqları fəalları dəfələrlə bəyan edib ki, müsəlmanların ibadət yerləri dağıdılır, Quran oxumaq qadağan edilir.
Bəzi müsəlmanlar donuz əti yeməyə, spirtli içki içməyə məcbur edilir. Qadınların sterilizasiya edilməsi haqda da saysız-hesabsız faktlar var.
2018-ci ilin sentyabr ayında “Human Rights Watch” təşkilatı Çində müsəlmanlara edilən zülmə dair hesabat yayımlayıb.
Hakimiyyət orqanlarının uyğurları həbsxanalarda və təhsil düşərgələrində saxladıqları deyilir. BMT-yə görə, 2018-ci ilin dekabr ayına qədər həmin yerlərdə 1 milyondan çox insan olub.
Eyni zamanda, Çin səlahiyyətliləri uyğurlara edilən təzyiq ittihamlarını rədd edir və düşərgələri "təhsil mərkəzləri" adlandırırlar. Onlara görə, bu cür qurumlar ekstremizmlə mübarizə və peşə təhsili üçün istifadə olunur.
Bizim.Media