Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi gözlənildiyinin əksinə olaraq bu il imzalanmadı. Tərəflər öz mövqelərində qalmaqda davam edirlər. Qeyd edək ki, Bakı ilə İrəvan arasında münasibətlərin qurulması heç də təkcə onların ikisindəna sılı deyil. Prosesdə kənar oyunçular var ki, onlar da sülh müqaviləsinin imzalanmasına öz maraqları prizmasından yanaşırlar. ABŞ, Böyük Britaniya, Türkiyə, Rusiya, Fransa İran, Çin kimi dövlətlərin hər birinin prosesdə öz maraqları var. Bir sıra dövlətlər hazırkı şəraitdə Cənubi Qafqazda əmin-amanlığın olmasında maraqlı deyillər.
Ona görə də onlar sülh müaqaviləsi ətrafında prosesin uzanmasını istəyirlər. Bir qrup ölkə isə əksinə çalışır ki, Bakı ilə İrəvan arasında tez bir zamanda sülh müqaviləsi imzalansın.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev bildirir ki, sülh müqaviləsinin tez bir zamanda imzalanmasında maraqlı olmayan dövlətlər regionda ilk növbədə öz geosiyasi maraqlarının təmin olunmasına çalışır:
“Faktoloji təhlillər göstərir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması regionumuzda marağı olan bir çox dövlətlərin-Rusiya, Fransa və İranın prosesdə öz geosiyasi maraqlarının əks olunmasını istəmələri səbəbindən uzanır.
Bu ölkələr Azərbaycan-Ermənistan münasibətləri üzərindən öz geosiyasi oyunlarını oynamağa çalışır.
Onların maraqları bir sıra hallarda əks qütblü olduğuna görə, sülh müqaviləsinin imzalanmasında ləngimələr yaranır. Zəngəzur dəhlizinin açılması və Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına qarşı çıxan İran bu fonda bölgədə yeni geosiyasi reallıqların yaranmasından narahatdır.
Tehran bu fonda türk dilli dövlətlər arasında əlaqələrin genişlənməsi və Türkiyənin Qafqazda möhkəmlənməsindən əndişələnir. İran həm də ona görə narahatdır ki, Azərbaycanın bu problemi həll etməsi cənubdakı azərbaycanlılara da motivasiya verəcək və onlar arasında müstəqillik meyllərini gücləndirəcək”.
Həmsöhbətimizin fikrincə, Moskva sülh müqaviləsini elə bir şəkilə salmaq istəyir ki, bölgədə Rusiya reallığı hər zaman olsun:
“Yəni Rusiya Bakı ilə İrəvan arasında sülh müqaviləsinə də imperiya marağından yanaşır. Kreml bölgəyə digər ölkələrin gəlməsinə də qarşıdır. Ona görə də Moskva münaqişədə qalib tərəfin olmamasına çalışır. Sülh müqaviləsinin ləngidilməsində maraqlı olan bu ölkələr bildirir ki, “müharibə sizin olmadığı kimi, sülh də sizin olmayacaq”. Digər tərəfdən, sülhün hələ də əldə edilməməsi Paşinyanın legitim hakimiyyətə malik olsa da, nüfuz hakimiyyətinə malik olmaması ilə bağlıdır. O, erməni ictimaiyyətini sülhə hazırlamaq gücündə deyil”.
Ekspertin fikrincə, Türkiyə, Çin və İngiltərə kimi ölkələr isə sülh müqaviləsinin tezləşdirilməsində maraqlıdırlar:
“Türkiyənin prosesin tezləşməsində maraqlı olması ilk növbədə onun Azərbaycanla strateji müttəfiqliyə malik olmasından qaynaqlanır. Digər tərəfdən, Ankara Azərbaycanın haqlı olduğunu digərlərilə müqayisədə daha yaxşı görür. Başlıcası isə sülh müqaviləsinin bağlanması ilə Türkiyənin bölgədə gerçəkdən nüfuzu artacaq və onun buradan Mərkəzi Asiyaya girişi sürətlənəcək, türk faktoru ön plana keçəcək. Yəni belə bir sülhün əldə olunması türk dünyasında istisadi, geosiyasi güc baxımından böyük bir canlanmağa rəvac verəcək”.
Ü.Şəfiyev qeyd edir ki, Çin və İngiltərə isə əsasən iqtisadi amilləri əsas götürməklə bölgədə sülhün olmasına çalışırlar:
“Çin iqtisadi amilləri əsas gətirməklə sözügedən sülhün tez bir zamanda ərsəyə gəlməsini istəyir. İngiltərə 44 günlük müharibədə Azərbaycanın mövqeyindən çıxış etdi. Bu ölkə Azərbaycanın Avropanın enerji təminatında oynadığı rol və iri ingilis şirkətlərinin ölkəmizdəki əməkdaşlığı fonunda bölgədə sülhün əldə edilməsində maraqlıdır. Çünki sülh bu əməkdaşlıq prosesini bir qədər də sürətləndirəcək”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Dünya
13:30 / 28.12.2022
Sülhə mane olan SƏBƏB – “Paşinyan nüfuz hakimiyyətinə malik deyil”
Hazırda oxunan: Sülhə mane olan SƏBƏB – “Paşinyan nüfuz hakimiyyətinə malik deyil”
Hazırda oxunan: Sülhə mane olan SƏBƏB – “Paşinyan nüfuz hakimiyyətinə malik deyil”
112096
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.