Putin Azərbaycan xalqı ilə hesablaşmağa məcburdur

Hazırda oxunan: Putin Azərbaycan xalqı ilə hesablaşmağa məcburdur

109251

Qarabağda baş verənlər, sülhməramlı adı altında bölgəyə yerləşdirilən rus hərbçilərinin təxribatları və son olaraq, Şuşa yolunda keçirilən aksiyaya qarşı törədilənlər Rusiyanın mahiyyətcə terror dövləti olduğunu təsdiqləyir. 

İşğal dövründə təbii sərvətlərimizin talanması prosesi hazırda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə davam etdirilir. Azərbaycan məhz bunun qarşısını almaq məqsədilə, öz suveren ərazisində ekoloji monitorinq keçirmək istəyir. Bunu hərbi müdaxilə ilə də edə bilər, beynəlxalq hüquq da, ölkə qanunvericiliyi də Bakıya bu haqqı verir.
Lakin Azərbaycan məsələni normal şəkildə həll etmək məqsədilə sülhməramlı kontingentin rəhbərliyinə müraciət etdi. Aparılan danışıqlardan sonra nümayəndələrimizin monitorinq aparmaq məqsədilə əraziyə çıxması deməyə əsas verirdi ki, sülməramlılarla razılaşdırılıb.

Lakin Rusiya tarixi mahiyyət(sizliy)inə uyğun şəkildə oyun qurdu. Ruben Vardanyanın dəstəsini Azərbaycan nümayəndələrinin qarşısına çıxararaq, monitorinqin qarşısını aldılar. 

Bu prosesin məntiqi davam olaraq, Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələri Şuşa yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi yolda aksiyaya başladılar. Artıq çadırlar qurulub və ekoloji monitorinqə icazə verilməyənə qədər dinc aksiya davam edəcək. İndi Rusiya seçim qarşısında qalıb. Ya aksiya iştirakçılarının tələblərini icra etməlidir, ya da yol bağlı qalacaq.

Lakin Rusiya yenə öz mahiyyətinə uyğun olaraq, mənəvi və fiziki terrora əl atdı. Onlar azərbaycanlılara qarşı güc tətbiqinə cəhd etdilər. Azərbaycanlı jurnalistlərin avtomobilinə zərər vurdular. Bununla yanaşı, yola ağır texnika gətirərək, barikadalar qurdular. Öz ərazimizdə rusların bizə qarşı etdikləri sözün gerçək mənasında dözülməzdir. Bu həm də Rusiyanın nə qədər həyasız, haqsız və “bespridel” ölkə olduğunu bir daha təsdiq edir.  

Təəccüblü deyil əslində. Bu gün Ukrayna torpaqlarını işğal edən Rusiya heç bir beynəlxalq hüquqa məhəl qoymur. Dinc əhalini bombalayır, körpələri qətlə yetirir. Terrorun dövlət modelini sərgiləyir.  
Bu gün Rusiya postsovet ölkələrinə qarşı siyasi terror həyata keçirir. Şuşa yolunda dinc aksiya iştirakçılarına qarşı törədilən zorakılıqlar da Rusiyanın terror mahiyyətindən, bu terrorun başında dayanan Putinin xislətindən qaynaqlanır.  

Baş terrorçu Putin hesab edir ki, hər kəs onunla hesablaşmalıdır.  

Lakin anlamırlar ki, Rusiya terrorçularına nə Azərbaycan dövləti, nə də Azərbaycan xalqı dözəcək. Müharibənin başa çatmasından ötən iki ildən artıq dövrdə Azərbaycan dövləti də, xalqı da sülhməramlıların öz missiyasına uyğun fəaliyyət göstərəcəyini gözləyirdi.

İndiyə qədər törədilən təxribatlarla bağlı dəfələrlə xəbərdarlıq edilib, bütün bunlara baxmayaraq, ruslar özlərini müvəqqəti yerləşdikləri ərazilərin ağası hesab edir. Bu da təəccüblü deyil, çünki Rusiya dövlətinin terror mahiyyəti həmişə belə olub.
Amma artıq Azərbaycan xalqı baş verən özbaşınalıqla razılaşmır, razılaşmaq fikri də yoxdur. Keçirilən aksiya, çadırların qurulması, üçrəngli bayrağımızın ucaldılması bunun təsdiqidir.  
 
Artıq Rusiyanın qarşısında təkcə diplomatlarımız və hərbçilərimiz yox, bütövlükdə Azərbaycan xalqı var və Putin də daxil olmaqla hər kəs Azərbaycan xalqı ilə hesablaşmağa məcburdur. Bu xalqı nə Rusiyanın işğalçı mahiyyəti, nə Putinin terror siyasəti, nə də hansısa təhdid qorxuda bilməz. Bunu 44 günlük müharibə də göstərdi, bu gün mülki insanlarımızın əliyalın rus tanklarının önünə çıxması da. 

Vasif Həsənli Demokrat.az xəbər portalının baş redaktoru

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin