Moldova Parlamentində Şuşaya həsr olunmuş SƏRGİ - FOTO 

Hazırda oxunan: Moldova Parlamentində Şuşaya həsr olunmuş SƏRGİ - FOTO 

103489

Moldova parlamentinin binasında 8 Noyabr - Zəfər Günündə Azərbaycanın Mədəniyyət paytaxtı Şuşaya həsr olunmuş və şəhərin 270 illiyi münasibətilə fotoşəkillərdən ibarət sərgi açılıb. 

Azərbaycanın Moldovadakı səfirliyindən Bizim.Media-ya verilən məlumata görə, sərginin rəsmi açılış mərasimində Moldova parlamentinin sədri İqor Qrosu, Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov, deputatlar və yerli KİV nümayəndələri iştirak ediblər. 

İqor Qrosu sərginin açılışında çıxış edərək Moldova parlamentinin binasında belə bir sərginin açılmasından məmnun olduğunu bildirib.

Azərbaycana səfərini xoş xatirə kimi xatırlayan Moldova parlamentinin sədri Şuşaya səfəri barədə danışaraq deyib:

“Parlament sədri kimi çox sevinirəm ki, iki ölkə arasında münasibətlərimizdə yeni səhifə açılıb.

Qarabağın mədəniyyət beşiyi olan Şuşaya bu il etdiyim səfər məndə xoş təəssürat oyadıb. Şuşada çox sayda tarixi, mədəni abidələr var. Şuşada olarkən şəhərdə tam bərpa və yenidənqurma işlərinin aparıldığının şahidi oldum”. 

İqor Qrosu Moldova və Azərbaycan dövlətlərinin bir-birinin ərazi bütövlüyünü dəstəklədiyini qeyd edərək iki ölkənin dost münasibətlərindən danışıb. 

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli isə çıxış edərək Zəfər Günündə Moldova parlamentinin binasında belə bir sərginin təşkil olunmasına verdiyi dəstəyə görə İqor Qrosa təşəkkürünü bildirib. 

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. 

Azərbaycanın Moldovadakı səfirliyinin binası önündəki bağçada Zəfər Günü və “Şuşa İli”nə həsr olunmuş barelyefin açılış mərasimi keçirilib. 

Rəsmi açılış mərasimində Moldova parlamentinin vitse-spikeri Mixail Popşoy, Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli Moldovanın mədəniyyət naziri Serdjiu Prodan, Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov və Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov iştirak ediblər. Həmçinin tədbirə Moldovada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, ictimai xadimlər, Azərbaycan diasporunun üzvləri, yerli KİV nümayəndələri qatılıblar. 

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Azərbaycan və Moldovanın Dövlət himnləri səsləndirilib. 

Qüdsi Osmanov vurğulayıb ki, Azərbaycan Moldova ilə ən yüksək səviyyədə olan münasibətlərə böyük əhəmiyyət verir. Azərbaycan və Moldova bir-birinin ərazi bütövlüyünü dəstəkləyir. 

Azərbaycanla Moldova arasında münasibətlərin yüksək səviyyədə olduğunu deyən Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli bildirib ki, iki ölkə beynəlxalq platformalarda bir-birini dəstəkləyir. 

Moldova parlamentinin vitse-spikeri Mixail Popşoy, mədəniyyət naziri Serdjiu Prodan da çıxışlarında ikitərəfli münasibətlərin əhəmiyyətindən danışıblar. Qeyd edilib ki, Şuşaya dair barelyefin açılışı iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasının bariz nümunəsidir. Bu mədəniyyət abidəsi şəhərin turistləri üçün də cəlbedici olacaq. 

Qeyd edək ki, barelyefin üzərində “Şuşa qalası” və “Yuxarı Gövhər Ağa məscidi” kompozisiyaları, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşa haqqında söylədikləri sözlər təsvir olunub. 

Sonra qonaqlar səfirliyin həyətində Azərbaycan ilə Moldova arasında dostluq rəmzi olaraq ağac əkib, 44 günlük Vətən müharibəsinə dair sərgi ilə tanış olublar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin