Bizim.Media BBC-yə istinadən məlumat verir ki, beynəlxalq ictimaiyyətin reaksiyasına baxmayaraq, Banqladeş Arakanlı müsəlmanları Bhasan Char adasına daşımaqda davam edir.
Plan çərçivəsində təxminən 1800 nəfərdən ibarət olan 4-cü qrupun adaya göndərildiyi bildirilir.
Xatırladaq ki, son illərdə yüz minlərlə Rohinqa müsəlmanı Myanmada yaşadıqları zülmdən qaçaraq Banqladeşə sığınmışdı. Əlverişsiz düşərgə şəraitində yaşayan Arakan müsəlmanlarının dərdləri burada da bitməyib. Banqladeş rəhbərliyi Arakanlı müsəlmanların Bhasan Char adasına köçürülməyə qərar verib və köçürmə planına dekabr ayında başlanılıb.
Hu gün qaçqınların 4-cü qrupu, 1.788 arakanlı müsəlman adaya göndərilib.
MÖVZU İLƏ BAĞLI:
Ən çox qaçqın qəbul edən ölkələrin siyahısı
Banqladeş ümumilikdə Bhasan Char Adasına 100 min nəfər qaçqının göndərməsini planlaşdırır. 20 ildir heç kimin yaşamadığı Bhasan Char adası, materikdən 34 kilometr məsafədə yerləşir.
Arakan müsəlmanlarının qaçqın düşərgəsindən adaya köçürülməsi humanitar yardım və insan haqları təşkilatlarının sərt reaksiyasına səbəb olub. Adanın bölgədəki daşqınlara və qasırğalara qarşı həssas olduğu bildirilir.
Bundan əlavə, qaçqınların qida, su, tibbi yardım və təhsil kimi xidmətlərdən yararlana bilib bilməyəcəyi məsələsi narahatlıqları artırır. Banqladeş rəhbərliyi isə adadakı imkanların qaçqın düşərgələrindən daha yaxşı olduğunu müdafiə edir.
Rəvan Əliyev, Bizim.Media