Fransanın SANKSİYA OYUNU – Azərbaycana hansı təsirləri olacaq?

Hazırda oxunan: Fransanın SANKSİYA OYUNU – Azərbaycana hansı təsirləri olacaq?

102681

Xəbər verdiyimiz kimi, Azərbaycana qarşı qətnamə layihəsi ötən ay Fransa Senatının yuxarı palatasına tövsiyyə edilmişdi.

Buna müvafiq olaraq, layihənin noyabrın 15-də senatda müzakirəyə çıxarılacağı və Azərbaycan əleyhinə növbəti qətnamə qəbul ediləcəyi gözlənilir.

Fransa Senatının qətnamə layihəsinin müəllifləri Azərbaycanı “çoxsaylı təcavüzkar hərəkətlərdə” ittiham edir, Laçın dəhlizindən çıxmaq tələb olunur, Fransa hakimiyyəti “Azərbaycandan idxal edilən qaz və neftin embarqo edilməsinin” Avropa İttifaqı miqyasında başladılmasına təşəbbüs planı qurur və Qarabağdakı Azərbaycan ərazilərində özünün “humanitar bürosunu” yaratmağa çağırış edir.

Fransanın ermənipərəst mövqeyindən səhifələrcə yazmaq mümkün olsa da, buna ehtiyac görmürük, çünki hamımıza agahdır. 

Lakin, Fransanın nə üçün Azərbaycana qarşı mövqeyini heç vaxt olmadığı qədər açıq şəkildə nümayiş etdirməsi sual doğurur.

Burada, bir neçə mühüm səbəbi diqqətə çatdırmağımızda fayda var:

Birincisi, bəlli olduğu kimi Fransada böyük gücə malik erməni lobbisidir. Onların gücünü həfifə almaq, heç bir halda doğru olmaz. Ən azı bu il Fransada keçirilən Prezident seçkiləri zamanı namizədlərin İrəvana, Xankəndinə gəlmək üçün sıraya düzülməsi bunun bariz nümayişi idi.

İkincisi, Fransa Ermənistana tam dəstək ifadə etməklə regionda möhkəmlənməyə, “tortdan bir dilim pay qoparmağa” çalışır. Bunun üçün bölgəmizdə tək nüfuz edə biləcəyi ölkə Ermənistandır. 

Üçüncüsü, Fransa regionda sülhün olmamasında maraqlıdır. Ona görə ki, yekun barış sazişi Ermənistanın Azərbaycan və Türkiyəyə inteqrasiya qapılarının açılması deməkdir. Bu da Fransanın bu və digər yolla regiona təsir imkanlarını sıfırlayacaq.

Dördüncüsü, Qarabağın işğaldan azad olunması, illərlə sərvətlərimizin talanmasında iştirak edən fransız şirkətlərini çörək ağaclarından məhrum edib. Və Fransa bu vurnuxmaları ilə bu yöndə də təzyiq yaratmağa çalışır.

Bəs, Fransa senatı bizə qarşı sanksiyalara qol qoyarsa, nəticə nə olacaq?

Praktiki olaraq heç nə. Ona görə ki...

1. Fransanın Azərbaycanı “təcavüzkarlıq”da ittiham etməsi üçün heç bir səbəb yoxdur. Amma Paris özünə səbəb tapsa belə, bu maksimum qınama xarakterli ola bilər ki, bundan da hər hansı nəticə hasil olmayacaq.

2. Laçın dəhlizindən Azərbaycanın çıxması tələbi tamamilə absurddur. Çünki məhz rəsmi İrəvanın razılıq verdiyi Ermənistan-Xankəndi bağları yeni alternativ yola köçürülüb. 

3. Qarabağda büro qurmaq niyyətinin reallaşması isə, ümumiyyətlə, mümkün deyil. Buna nə Azərbaycan, nə də regionun əsas söz sahibləri olan Türkiyə və Rusiya şərait yaradar.

4. Azərbaycana qarşı Avropa ölkələrinin neft və qaz embarqosu tətbiq etməsi isə tamamilə gülüncdür. Özü də qarşıdan qışın gəldiyini, eləcə də Avropa ölkələrinin Azərbaycan qazını almaq üçün sıraya düzüldüyü bir vaxtda Fransanın erməni təəssübkeşliyini heç kim ciddi qəbul etməyəcək.

Yəni, Fransa Senatının mümkün qətnamə qərarı ciddi nəticə doğuracaq addımdan daha çox, ermənilərin başının altına yastıq qoymağa hesablanıb. Nə deyək, şirin yuxular. Bəlkə xəyalları yuxularında çin olar...

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin