Hay Eytan Kohen: “Həm İsrail, həm də Azərbaycan Tehrana layiqli cavab verəcək”

Hazırda oxunan: Hay Eytan Kohen: “Həm İsrail, həm də Azərbaycan Tehrana layiqli cavab verəcək”

102064

“Biz hər gün İranda zalım molla rejiminin İran xalqına törətdiyi terrorun şahidi oluruq. İranın Azərbaycan və İsrailə aludəçiliyi mollaların İran xalqının diqqətini daxili məsələlərdən xarici məsələlərə yönəltmək cəhdindən başqa bir şey deyil”. 

Bu fikirləri Bizim.Media-ya açıqlaması zamanı İsrailin Qüds Təhlükəsizlik və Strategiya Mərkəzinin eksperti, professor Hay Eytan Kohen deyib. O hesab edir ki, İran xalqının nə Azərbaycan, nə də İsraillə problemləri yoxdur. Aranı qarışdıran, xalqın gözündə hər iki ölkəyə qarşı düşmən mənzərəsi yaratmaq istəyən İran rejimidir. 

“Demokratiyaya inanan, qadın hüquqlarına hörmət edən, dünya ilə barışıq yaşamaq istəyən iranlılar nə Azərbaycanı, nə də İsraili düşmən görmürlər. Rejim sağ qalmaq üçün xarici düşmənlər axtarır. Təəssüf ki, bu iki ölkəyə qarşı rüsvayçılıq və düşmənçilik aparan Tehrandakı mollaları ciddi qəbul etməliyik. Məsələ ilə bağlı həm İsrail, həm də Azərbaycan lazımi tədbirləri görəcək”.

İranın Qafqazda sülhün bərqərar olmasında yaratdığı əngəllərə münasibət bildirən Kohen, Tehranın ərazidə sülhün olmaması üçün müxtəlif variantlara əl atdığını, xüsusən Ankaranın bölgədəki gücünü heç cürə qəbul etmədiklərini deyir: 

“İran Qafqazı öz arxa bağçası kimi görür. Bu bölgədə güclü Türkiyə və Azərbaycan görmək əvəzinə, Ermənistan-Azərbaycan münaqişəsini qaynar saxlamağa və Ermənistanı özündən asılı vəziyyətə salmağa, Azərbaycanı zəiflətməyə çalışır. Türkiyənin Azərbaycana dəstəyi İranın bütün hesablamalarını pozur. İran şimal sərhədlərinin və hətta Güney Azərbaycan bölgəsinin İrandan qopacağından ehtiyat edir.

Zəngəzur dəhlizinin açılması Türkiyə və Azərbaycanın İran və Gürcüstandan asılılığının sona çatması deməkdir. İran istəyir ki, Azərbaycan və Türkiyə arasındakı bütün təmas onların məlumatı və nəzarəti daxilində olsun. Bu səbəbdən Ermənistanda sərhədə yaxın yeni konsulluq açaraq bu məqamda mesaj verməyə çalışırlar”, - deyə Kohen əlavə edib.

İran-İsrail münasibətləri nə zamansa normallaşa bilərmi sualına cavab verən Kohen, bunun hazırkı rejimin devrilməsi və xalqın iradəsinə uyğun idarəetmə gələcəyi təqdirdə mümkün olacağına diqqət çəkir.
“İsrail regionun bütün ölkələri ilə yaxşı münasibətlər qurmaq istəyir. Bu gün molla rejiminə görə İran İsrailə düşmən kimi baxır. Digər tərəfdən, İsrail molla rejimi ilə İran xalqı arasında fərq qoyur. Bir gün İranda xalq molla rejimindən qurtulsa və sonra Güney Azərbaycanda ayrılmaq və ya muxtariyyət əldə etmək qərarına gəlsə, o gün İsrail İran xalqının iradəsinə hörmətlə yanaşacaq”, - Kohen qeyd edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin