PA-nın sabiq şöbə müdiri Əli Həsənov haqqında uzun müddətdir ki, mənfi iddialar səngimək bilmir. Onun fəaliyyəti dönəmində yol verdiyi qanunsuzluqlarla bağlı mətbuatda kifayət qədər məlumatlara rast gəlmək mümkündür. Ələxsus da, onun mətbuata təzyiqləri və vəzifəsindən sui-istifadə etməsi və biznesləri barədə iddialar yetərincədir.
Son olaraq “Jurnalistlər binası” ilə bağlı məhkəmə işində Əli Həsənovun adı tez-tez hallanıb.
Belə ki, KİVDF-nin sabiq sədri Vüqar Səfərlinin məhkəməsində Həsənov haqqında ağır ittihamlar irəli sürülüb. İttiham edilən V. Səfərlinin özü də məhkəmə qarşısında bütün addımları Əli Həsənovun əmri və məlumatı daxilində atdığını bildirib.
MÖVZU İLƏ BAĞLI:
Əli Həsənovun oğlu ABŞ-ın Mayami şəhərində şirkət açdı - SƏNƏDLƏR
Sabiq məmurun özü isə uzun müddətdir ki, qeybə çəkilmişdi desək, yəqin ki, yanılmarıq. Belə ki, vəzifəsindən azad edildikdən sonra sosial şəbəkələrdə aktivliyi ilə seçilən sabiq məmura artıq burada da rast gəlmək mümkün deyil.
Lakin oktyabrın 17-də Əli Həsənov növbəti qalmaqallı informasiya ilə gündəmə gəlib. Uzun müddətdir sirrə qədəm basan sabiq məmurun izinə Dubayda rast gəlinib. Belə ki, araşdırmaçı-jurnalist Cavanşir Həsənli Əli Həsənovun Dubayda biznesə başladığını bildirib. O, sabiq məmurun qızıl, qiymətli daş-qaş və brend qol saatlarının al-veri ilə məşğul olduğunu bildirib.
Lakin Əli Həsənovun Dubay biznesini yerində, yaxud Azərbaycandan idarə etdiyi hələ də qeyri-müəyyənliyini qoruyur.
Şamxal Həsənlinin biznes macəraları...
Əli Həsənovun oğlu Şamxal Həsənli də biznes fəaliyyəti tez-tez gündəmə gəlib. 2021-ci ilin yanvar-fevral aylarında eks məmurun oğlu Şamxal Həsənlinin Azərbaycandakı mülklərini satışa çıxardığı ilə bağlı xəbərlər yayılıb. Sonrakı vaxtlarda onun izinə ABŞ, Dubay və Türkiyədə mülklər alması ilə bağlı məlumatlarda rast gəlmək mümkün olub.
MÖVZU İLƏ BAĞLI:
"Hər şeyi mikroba oxşayan Əli Həsənov elədi" – Rasim Balayev
Bundan əlavə, 2021-ci ilin fevralında Şamxalın Dubayda mülklər alması ilə bağlı faktlar üzə çıxır. Həmin zaman o da məlum olmuşdu ki, Şamxal Həsənli artıq 3 ilə yaxın imiş ki Dubayda mülklər almağa start verib. Bu isə Əli Həsənovun vəzifədə olduğu dövrə təsadüf edir. Bu da haqlı olaraq atanın oğlu vasitəsilə pullarını xaricə daşıdığını deməyə əsaslar yaradıb.
2022-ci ilin avqustunda isə sabiq məmurun oğlunun ABŞ-da "SOLIS DEVELOPMENT LLC" adlı şirkət təsis etdiyi üzə çıxıb. Şamxalın ABŞ fəaliyyəti ilə bağlı digər qeyd edilməli məqam isə onun erməni ortaqları ilə bağlıdır. Amerikanın nüfuzlu “Zylberglait Group” şirkətində çalışan Şamxalın yetərli sayda erməni iş yoldaşları var.
Göründüyü kimi, Şamxalın daşınmaz əmlak biznesi artıq şəbəkəyə çevrilib.
Təbii ki, Azərbaycandan çıxarılan pulların hesabına...
Qeyd etmək yerinə düşər ki, Əli Həsənovun özü ailəsinin biznes fəaliyyəti ilə məşğul olduğunu gizlətməyə ehtiyac belə duymayıb. Hətta açıqlamasında bununla fəxr etdiyini də qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
Əli Həsənovun əmlakı HƏRRACA çıxarılır - ÖZƏL
Xatırladaq ki, Şamxal Həsənlinin də adı KİVDF-nin sabiq sədri Vüqar Səfərlinin məhkəmə prosesində tez-tez hallanıb. Prosesin gedişində Əli Həsənovun oğlu Şamxal Həsənli və baldızı Gülər Vəliyevanın məhkəməyə şahid kimi dəvət olunması ilə bağlı vəsatət qaldırılıb. Hətta Vüqar Səfərli məhkəmənin gedişində əsas məsuliyyətin Əli Həsənovun üzərinə düşdüyünü qeyd edib.
Bu ilin yanvarında isə məhkəmə işi ilə bağlı apellyasiya şikayətində Vüqar Səfərli Əli Həsənovdan da şikayət edib.
Məhkəmənin qərarı ilə Vüqar Səfərli 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hal-hazırda cəzasını çəkməkdədir. Əli Həsənovun harada olduğu isə sirr olaraq qalmaqdadır...
Murad Əhmədov, Bizim.Media