Əli Əliyevin məhkəməsinin vaxtı açıqlandı

Hazırda oxunan: Əli Əliyevin məhkəməsinin vaxtı açıqlandı

99703

Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyev barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı məlum olub.

Bizim.Media xəbər verir ki, cinayət işinə Sabunçu rayon Məhkəməsində hakim Anar Rzayevin sədrliyi ilə baxılacaq.

Məhkəmənin hazırlıq iclası oktyabrın 27-ə təyin olunub.

İstintaq orqanı tərəfindən Əli Əliyevə qarşı Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma - ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyətilə törədildikdə) maddəsilə ittiham irəli sürülüb.

Əli Əliyev Bakı İstintaq Təcridxanasında onunla eyni kamerada saxlanılan başqa bir dustağı döyərək ona xəsarət yetirməkdə ittiham olunur.

Cinayət işi üzrə Nəzərov Zabit İmanxan oğlu zərərçəkmiş şəxs qismində tanınıb.

Qeyd edək ki, 2022-ci ilin yanvarından iyununa qədər Əli Əliyevə üç dəfə hökm oxunub. VİP sədri birinci dəfə yanvarın 13-də Yasamal rayon Məhkəməsinin hökmü ilə məhkum edilib. Ona Dövlət Sərhəd Xidmətinin polkovniki Emil Cəfərovun iddiası əsasında CM-in 147.1 (böhtan) maddəsilə 5 ay həbs cəzası verilib.

Bir müddət sonra DSX-nın başqa bir zabiti Ramin Cəbrayılovun iddiası əsasında Əli Əliyev eyni maddə ilə təqsirli bilinib. Əvvəlki cəzası da birləşdirilməklə üzərində qəti olaraq, 6 ay həbs cəzası saxlanılıb.
Əli Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğramış Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus helikopterdən sağ çıxdığı iddia olunan bu iki nəfərin hadisə vaxtı vertolyotda olmasına inanmadığını deyib. Buna görə həmin şəxslər ona qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb.

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin